İsrail “rus raketini” Suriyada vurdu, səfir Kremlə çağırıldı

19 Mart 2017 18:44 (UTC+04:00)

AzNews.az Virtualaz.org istinadən xəbər verir ki, Knessetin müxalifətdən olan deputatı Omer Bar-Lev “Arrow” raketinin İsrail təyyarələrinə tuşlanan Suriya raketinə doğru buraxılması “səhv addım” olduğunu bildirib. Çünki bu, Rusiya ilə münasibətləri gərginləşdirə bilər. “Bu insidentə görə İsrail səfiri artıq izahat üçün Kremlə çağırılıb”-deputat bildirib. Bar-Levin fikrincə İsrailin Suriyada Rusiya ilə əməkdaşlığı vacib məsələdir.

Keçmiş müdafiə naziri və baş nazir, general Ehud Barak da raketin tətbiqini yanlış hesab edir. “Bu raket atışı və raketin qalıqlarının İordaniya ərazisinə düşməsi nəticəsində İsrail ilk dəfə Suriyaya hücuma görə məsuliyyəti üzərinə götürməli olub. Ona görə də bəlkə bu raketin tətbiqindən çəkinmək olardı”-Ehud Barak deyib. Bununla belə keçmiş müdafiə naziri gecə saatlarında İsrail təyyarələrinə doğru buraxılmış zenit raketinin “Arrow” raketi ilə vurulmasını İsrailin raketdən müdafiə sahəsində hansı imkanlara malik olduğunun nümayişi kimi qiymətləndirir. “Bu, növbəti dəfə sübut edir ki, İsrail raketdən müdafiənin effektivliyi üzrə dünyada aparıcı yeri tutur”-Barak bildirib.

Livanda mənzillənən “Hizbullah” təşkilatının lideri şeyx Nəsralla isə İsraili Suriya ərazisinə aviazərbəyə görə tənqid edərək deyib ki, İsrail İŞİD-in Suriyada məğlub olmasından qorxur. Çünki bilir ki, bu halda Suriyada İranla üz-üzə qalacaq. Nəsralla Suriya müxalif qruplaşmalarını əsədə qarşı döyüşməyi dayandırmağa çağırıb, deyib ki, bu, ancaq İsrailin işinə yarayır.