Taksilər ancaq bu ünvanlarda dayanacaq - Bakıda yerlər müəyyənləşdi

21 Mart 2017 17:26 (UTC+04:00)

Bunu virtualaz.org-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə aparılan təhlillər nəticəsində müxtəlif ünvanlardan pərakəndə şəkildə duracaq kimi istifadə edən taksilər üçün xüsusi yerlər müəyyənləşdirilir.

“Əvvəl taksilər harada gəldi dururdular. Artıq biz taksilərin dayanmaları üçün xüsusi yerlər müəyyənləşdirmişik. Məsələn, Qara Qarayev prospekti boyunca 10 yerdə belə dayanacaqlar var. Ümumilikdə 170 yerdə taksi dayanacağı müəyyənləşdirilərək nişanlanıb. Bunların bir hissəsi artıq pasportlaşdırılıb, qalanların da pasportlaşdırılması davam edir”, - deyə M. Ağayev bildirib.

Qeyd edək ki, BNA-nın xüsusi ekspert qrupu ötən ildən bütün küçə və prospektlərdə, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır.

Nəticədə yerləşdiyi ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneçilik yaratmayan dayanacaqlar pasportlaşdırılır.

AzNews.az