Tərəflər Strasburqda bir araya gələcək

2 Fevral 2013 11:12 (UTC+04:00)



Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyəti Strasburqda bir araya gələcək. Bununla bağlı məlumatı Ermənistan mətbuatı verib. Erməni mətbuatının verdiyi məlumata görə, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri keçirdiyi mətbuat konfransında bunu bəyan edib. O qeyd edib ki, görüş heyət rəhbərləri arasında deyil, nümayəndə üzvlərinin hamısının iştirakı ilə keçiriləcək. Bəs belə görüşlərin baş tutması Dağlıq Qarabağ probleminin çözümündə nə kimi rol oynaya bilər?

Dağlıq Qarabağın Azərbaycan icmasının üzvü, AŞPA-da təmsil olunan nümayəndə heyətini təmsilçisi Rövşən Rzayev görüş barədə AzNews.az-a deyib ki, qurum çərçivəsində danışıqlar prosesinin başlanması mütləq məsələdir. Bunu olduqca vacib hesab edən millət vəkili deyib ki, Azərbaycan tərəfi bunun baş tutmasında çox maraqlıdır: "Təəssflər olsun ki, bu günə kimi ermənilər bu dialoqlardan çəkinirlər. Buna baxmayaraq, biz inanırıq ki, belə bir görüşün baş tutmasına nail olacağıq. Yəqin ki, aprel sessiyasında bizim görüşümüz baş tutacaq".
R.Rzayev onu da əlavə edib ki, əsas məsələ Dağlıq Qarabağın hər iki icmasının görüşünün baş tutmasıdır: "Biz buna nail olmağa çalışırıq və mümkün qurumlara, bu işdə təsir imkanlarına malik insanlara müzakirələr aparmaqda yardımçı olmaq üçün müraciət edirik. Azərbaycan sülh tərəfdarı olduğuna görə, problemin də sülhlə həllinə nail olmaq istəyir. Qarşı tərəf isə özü-öz məsələsini həll edə bilmir. Əgər onlar özləri öz məsələlərinin həll edə bilsəydilər, onda çoxdan bizimlə razılaşmışdılar".

Gültəkin
AzNews.az