“Ya sən ermənisən, ya da erməniyə satılmısan” - İTTİHAM

2 Fevral 2013 13:04 (UTC+04:00)


Millət vəkili Nizami Cəfərov Əkrəm Əylislinin qalmaqala səbəb olan və buna görə də ciddi ittihamlara məruz qalan əsəri ilə bağlı AzNews.az-ın suallarını cavablandırıb

- Bu yaxınlarda müsahibənizdə Əkrəm Əylislinin nəhəng yazıçı olduğunu bildirmişdiniz. Amma dünən Milli Məclisin tribunasından Əkrəm Əylisini vətəndaşlıqdan çıxarmaq çağırışı etdiniz...

- Burda bir məsələ var. Əkrəm Əylisliyə zəif, istedadsız yazıçı demək olmaz. O, "Adamlar və ağaclar", "Kür qırağının meşələri", "Mənim nəğməkar bibim" əsərlərinin müəllifidir. Lazım gəlsə, lap "Əylisdən Əylisə"nin müəllifidir. Amma bu adam indi çox böyük bir xəyanət, çox böyük qələt edib. Nə qədər nəhəng olursan ol, lap Şoloxov, Folkner ol, fərqi yoxdur. Millətin özünü təsdiq etdiyi, mübarizə getdiyi belə bir vaxtda bu qədər yalan danışasan, bunu nə ilə izah etmək olar? Ya sən həqiqətən ermənisən, ya da erməniyə satılmısan. Satılmısan ki, "Nobel" mükafatı alasan. Bu açıq görünən bir şeydir. Bu mənada səsləndirdiyim fikirlər ziddiyyət təşkil etmir.

- Əsəri tam halda rus dilində oxumusunuz?

- Bəli. Hazırda da masamın üzərindədir.

- Oxuculardan fərqli olaraq, ədəbiyyat adamları müəllifin sətiraltı verdiyi mesajları daha dəqiq və daha tez tutur. Bu mənada Əkrəm Əylislinin milləti, dövləti aşağılayan belə bir əsər yazması nə qədər inandırıcıdır?

- Əsərin həm ümumi ruhu, həm sətiraltı mənaları, həm də publisistikası millətin və onun ruhunun təhqir olunmasına yönəlib. Eyni zamanda da açıq-aydın şəkildə erməniliyin ruhdan, içdən gələn tərənnümüdür.

- Əsər gündəmə gələndən Əkrəm müəllimi ittiham edənlər bununla da onun "Nobel" mükafatı almaq istədiyini bildirirlər. Tutaq ki, elə bu əsərə görə, Əkrəm Əylisli "Nobel" mükafatına layiq görüldü. Müəllif isə həmin mükafatdan imtina etdi. O zaman onu ittiham edənlərin arqumentləri nə olacaq?

- Mən iki variant işlətdim. O, ya təbiət etibarilə ermənidir, çünki heç erməni də bu cür qələt etməyib. Ermənidirsə "Nobel" mükafatından imtina edə bilər.Yox, əgər erməni deyilsə, satqın və xəyanətkardırsa "Nobel" mükafatından imtina etməyəcək. Mən hələ fizioloji baxımdan ermənilikdən danısmıram. Səmimi şəkildə ruhu erməni ruhudursa ola bilər ki, diplomatikcəsinə "Nobel"dən imtina etsin. Yəni, həqiqətən də bu adama mükafat lazım deyilmiş, sadəcə olaraq ruhunu ifadə edirmiş. Bununla bir az da kilsə qarşısında, erməni ruhu, erməni əcdadları qarşısında nüfuz qazanmaq istəyir.

- Axı əsərin girişində Sumqayıt hadısələrinin sadə insanlar tərəfindən törədildiyi istisna olunur, bu hökumətin ssenarisi kimi təqdim edilir...

- Orda elə bir şey yoxdur. Əsərdə deyilir ki, Sumqayıt hadisəsi nədir, nə deyil, azərbaycanlının və müsəlmanın boynundadır. Özü də təkcə ona gərə azərbaycanlının, müsəlmanın boynunda deyil ki, qırıblar, dağıdıblar, ümumiyyətlə azərbaycanlılığın, müsəlmanlığın boynundadır: Qarabağ da, Sumqayıt da vəhşiləşmiş "yerazın" boynundadır. Heç bir dalı-qabağı bilməyən, heç bir sağını-solunu görməyən, elə ancaq harda erməni gördüsə öldürməyə köklənmiş, çörək almağa gedən ermənini öldürən, erməni qızının alt paltarını qaçırıb məscidin qarşısında reklam edən kimi təqdim etməyin adını nə qoymaq olar, bilmirəm.

- Əgər söhbət "yerazlar"dan gedirsə, bəlkə müəllif bütün olanları əsərində verməklə bu insanların Ermənistanda başlarına gətirilən müsibətlərin əvəzini çıxdıqlarını çatdırmaq istəyib?

- Əgər məqsədi buydusa, onu çatdırsın da. Həmin insanların başlarına gətirilənlərə, o müsibətlərə bircə dəfə işarə etsin. Müəyyən qrup insan ola bilər və həmin qrup insanlar başlarına gətirilənlərdən xəstə hala düşə bilər. Axı mütləq bunlara işarə verilməlidir.Əkrəm Əylisli çox yaxşı bilir ki, əsər bir orqan kimi vəhdətdədir. Onun üslubunu da mən çox yaxşı bilirəm. Əkrəm Əylislinin elə bir əsəri yoxdur ki, mən onu oxumayım. Özü də hər birini də vaxtında oxumuşam. Ötən əsrin sonlarında əsərlərinə görə təqib olunanda onu televiziyada müdafiə edənlərdən biri də mən olmuşam.

- Narazı qaldığınız hansısa əsəri olmuşdumu, buna qədər?

- Bəzi məqamlar olub. Məsələn "Əylisdən Əylisə"də müəyyən xüsusiyyətlər var. Hər kəsə sataşmaq, Azərbaycan ziyalısını ümumiyyətlə, qəbul etməmək halları olub, amma bu həddə çatmayıb. Əslində Əkrəm Əylislinin həmişə müəyyən şıltaqlıqlarına rast gəlinib. O şıltaqlıqlardan demək olar ki, mədəniyyət adamlarının çoxu keçıb, istedadı nəzərə alınıb.

- Ona verilən adların, mükafatların geri alınması çağırışları birmənalı qarşılanmadı...

- Əkrəm Əylisli "Xalq yazıçısı" adını da, "İstiqlal ordeni"ni də öz istedadı ilə alıb. Buna etiraz etmək olmaz. Hətta kimsə desə ki, bu əsər bir yazıçı əsəri kimi, bir üslub kimi istedadsız əsərdir, mən onunla razılaşmıram. Bu əsər sadəcə olaraq xəyanətkar əsərdir. Burda məsələ bir də ona görə böyüyür ki, istedadlı bir yazıçı mənsub olduğu bir xalqı təhqir edir. Əgər istedadsız yazı olsaydı və Əkrəm Əylisli istedadsız olsaydı, bəlkə də bu qədər maraq doğurmazdı. Jurnalda yazılan ön sözə gəlincə, orada göstərilir ki, guya, bu əsər həm də körpədir. Yəni bir Azərbaycan ziyalısının körpəsidir. Bu elə bir gedişdir ki, ondan ibrət götürüb, erməni yazıçıları da belə yazacaq, erməni ziyalısı da belə düşünəcək. Bunu mən əbləh bir yazıya, əbləh ideyaya haqq qazandırmaq hesab edirəm. Təbii ki, burda söhbət ədəbiyyat əsərindən, formasından deyil, məzmunundan gedir. Həmin jurnalda çalışanlar da zəif adamlar deyil və onlar da bilirlər ki, bu əsər nə dərəcədə azərbaycanlıların ruhunu təhqir edəcək.

- Bu əsər bəlkə, həm də xalqları bir-birinə yaxınlaşdırmaq məqsədi daşıyıb?

- Ona və hansısa digər yazıçıya məsləhət vermək fikrində deyiləm. Amma həqiqətən də onun fikri, ideyası azərbaycanlılarla ermənilər arasında münasibətlərin normallaşdırılmasına yönəlsəydi, Əkrəm Əylisli onun üslubunu da, hansı süjet quracağını da, hansı terminalogiyalardan istifadə edəcəyini də çox yaxşı bilirdi. Həmin tələblərə cavab verən çox yaxşı əsər də yaza bilərdi, amma eləmədi. Burada söhbət ondan getmir ki, biz azərbaycanlılarla ermənilərin nə vaxtsa ünsiyyət qurmasının əleyhinəyik. Elə deyil, hər halda Azərbaycan cəmiyyəti barışığa, problemləri həll etməyə daha çox meyillidir. Amma bu halda belə bir əsər yazmaq daha çox xəyanət etməkdir.

Gültəkin
AzNews.az