İsmayıllıda həbslər davam edir

2 Fevral 2013 14:15 (UTC+04:00)

Fevralın 2-də İsmayıllıda daha bir nəfər saxlanılıb. Bu barədə "Azadlıq" qəzetinin bölgə müxbiri Elçin İsmayıllı məlumat verib. Onun dediyinə görə, həmin şəxs rayon sakini Qəmbər Ağamalıyevdir:

"Daha əvvəl onun qardaşı Səftər Ağamalıyev həbs edilib. Halbuki İsmayıllı hadisələri zamanı icra başçısının evinin yandırılmasının qarşısını Səftər Ağamalıyev alıb. DİN-in rayona ezam olunan nümayəndəsi Cavanşir Məmmədov buna görə bizim yanımızda Səftər Ağamalıyevə təşəkkürünü də bildirib. Dedi yaxşı ki, sən camaatın qarşısını aldın. Sonradan Ağamalıyev qardaşlarının həbs olunması başadüşülən deyil".

İsmayıllı olayları ilə əlaqədar DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlananların sayı 14 nəfərə çatıb.

Onlardan ikisi – "Çıraq" otelinin müdiri və həmin oteldə qonaq qalan Bakı sakinidir. Hər iki şəxs xuliqanlıqda suçlanır. Onlar yanvarın 23-də axşam saatlarında içkili vəziyyətdə İsmayıllıda avtomobil qəzası törədib, sakinləri təhqir edib və taksi sürücüsünü döyüblər. Bundan sonra sakinlər "Çıraq" otelini və icra başçısına məxsus yardımçı binanı yandırıblar.

İsmayıllı sakinləri olan digər 12 nəfər Cinayət Məcəlləsinin "özgənin əmlakını qəsdən məhvetmə, zədələmə" və "hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə"də suçlanır.

AzNews.az