Qərbi Azərbaycanlılardan Əkrəm Əylisli ilə bağlı BƏYANAT

3 Fevral 2013 14:28 (UTC+04:00)




Rusiyanın "Drujba narodov" jurnalında çap olunmuş azərbaycanlıların milli heysiyatını qıcıqlandıran "Daş yuxular" əsərinin müəllifi, Xalq yazıçısı Əkrəm Əylisli son günlər sərt təpkiylə qarşılaşıb. Ə.Əylisli həmin jurnala (1989) verdiyi müsahibəsində və 2001-də parlamentdə Qarabağla bağlı "ermənilərə barış mesajı" verən çıxışına görə də xalqın qınağına tuş gəlib.

Qərbi Azərbaycan Deportasiya Mərkəzi də bu olayla bağlı bəyanat verib. Modern.az-a daxil olan bəyanatda deyilir ki, belə hassas mövzunu vaxtaşırı gündəmə daşıyan adam sıradan biri olsaydı, buna normal baxmaq da olardı, çünki demokratik cəmiyətdə yaşamaq istəyiriksə, hər bir vətəndaşın öz yanlış ya doğru mövqeyini, düşüncəsini açıq söyləyə bilmək imkanı olmalıdır.

"Ancaq Əkrəm müəllim Azərbaycan ədəbiyatının nəhənglərindən biri olub sevilə-sevilə oxunan, dilimizin bədii gücünə təpər verən dəyərli kitabların müəllifidir, həm də son illər haqqı-ədaləti, dövlətimizin mənafeini müdafiə edən, humanist, demokratik dəyərləri təbliğ edən, cəsarətlə hökumətin qüsurlarını vaxtaşırı gündəmə gətirən tanınmış ziyalıdır və xalq içində özünün qazandığı bu statusla yanaşı aldığı "xalq yazıçısı" adı da onun çiyninə əlavə məsuliyət yükləyir. Bu baxımdan, adı çəkilən əsərdə ortaya qoyduğu və son intervülərində dediyi "Qarabağ ermənilərinə ismarış" mövqeyini ən azı özünün daxili məsuliyət senzurasından keçməli idi.

Yalnız son yüz ildə Quzey və Güney Azərbaycanda, indi Ermənistan adlanan qədim Oğuz elində, erməni cəlladlarının törətdikləri cinayətləri, milyondan artıq Azərbaycan türkünün vəhşi üsullarla öldürülməsini, milyonlarla soydaşımızın yurdundan didərgin salınmasını bir-iki erməni yazarı etiraf etmiş olsaydı, əgər Xocalı soyqırımına görə xalqımızdan üzr istəsəydi, onda "Daş yuxulara" haqq qazandıran üpucu olardı. Erməni xislətini bilən, türkün daş yaddaşını daşıyan hər kəs belə ipucunun heç vaxt olmayacağını yaxşı bilir, ancaq Əylislinin ipləmə qəhrəmanları, şizofreniklər bunu yalnız erməni qoxulu daş yuxularında görə bilər, kaş Əkrəm müəllim bu qarayaxma yuxuları onlara göstərməsəydi....
Yazar mələk simalı ermənilərə verdiyi ismarıcda kimi aşağılamır ki? Guya Sumqayıt olayı planını hazırlayan DTK deyil, 5-10 ermənini öldürən dəstənin baçını çəkən erməni yox, "yerazlardır", Parapetdə suya atılıb boğulan erməniyə qahmar çıxan şizofrenik Sadayı döyən "kopoyoğlu yerazlardır". Doğrudur, əsərdə ağlı başında olan biri də var, Azadə xanım, o deyir ki, bəs yüzlərlə gəlini-qızı, körpəsi-qocası öldürülən, malı-mülkü əlindən alınan, qəbirləri dağıdılan dədə-baba yurdlarından zorla qovulan 250 min "yeraz" nə etməli idi? (Əlavə edək ki, Qarabağ savaşında minlərlə "yeraz" şəhid oldu, qazi oldu, onlarla Qərbi Azərbaycan balası Milli Qəhrəman adını aldı).

Əsərdə "yerazlar" aşağılanır, ona görə də onlar müəllifə qarşı daha kəskin ifadələr işlədirlər, ancaq naxçıvanlılara vurulan təpiklə müqayisədə "yeraza" xəfif çırtma atılıb. Yüz ildir ermənilər Naxçıvan bizimdir desə də, bir qələt edə bilmir, ancaq daş yuxuya gedənlər "bəli, sizindir" deyir. Yazar harada vəng görür, eynən ermənilər kimi onu erməni kilisəsi sayır, sanki Alban dövləti xristin türklərin yox, xristian haylarındır, halbuki Qafqazda adı türkcə olan onlarla vəng hələ də qalır, xeyli türkcə xristian mətnləri elmə bəllidir. Tarixi qaynaqları deyil, tarıxi romanları qaynaq kimi ələ salan yazarın ipləmələri də ermənilərin Naxçıvanda, Ordubadda, həmçinin Əylis kəndində yerli xalq, türklərinsə buralara sonradan gəlmə xalq olmasını "sübut" edən tarixi qaynaq kimi, bir erməni tacirinin gündəliyinə əsaslanır.

Kilsəni anbar etmək günahdır, bəs Ağdam məscidində donuz saxlamaq günah deyil? Əsərdə aşağılanan sünnət gələnəyi də islam-xristian qarşılaşdırması fonunda verilir, halbuki ilk sünnətin əsası islamdan iki minil əvvəl İbrahim peyğəmbər tərəfindən qoyulmuşdur: O ilk dəfə olaraq 8 aylıq və 13 yaşında olan oğulları ilə bir vaxtda özü də sünnət olunmuşdu və bu gələnək musəvilərdə uzun müddət davam etmişdir".


Bəyanatda qeyd olunur ki, bu əsərdə xalq azadlıq hərəkatına, onun Elçibəy, Uluturk kimi öncüllərinə ironik yanaşma qabarıq görünür. Azərbaycan türklərini erməni qətliamından qurtarmağa gələn türk paşasına küfr edilir. Burada sadalanan və üzərində dayanmadığımız bütün bu aşağılamalar "barış ismarıcı" sayıla bilərmi?

Qərbi Azərbaycan Deportasiya Mərkəzi daha sonra bəyan edib:

"Bütün bunlar - inancımıza, azadlıq hərəkatına, türkçülüyə, milli tariximizə münasibət bir neçə ipləmənin baxış bucağı ilə qələmə alınması heç bir yazara başucalığı gətirməz. Hörmətli Əkrəm müəllim özü də baş açmadığı bu yaramaz oyunun içinə düşüb və bir daha gördü ki, xalq özünün milli dəyərlərinə xor baxan ən çox sevdiyi bir ziyalısını da bağışlamıya bilər. Ancaq bu durumdan istifadə edən kəmfürsətlərlə yanaşı Azərbaycanda erməni lobbiçiləri olduğu kimi, başqa qüvvələr də olacaq, bu nədənlə bir neçə önərimiz var:

1. Bugün xalq yazıçısı Əkrəm Əylisli olayının qabardılması bəzi iqtidar nümayəndələrinə adam oğurluğunu, korrupsiyanı, xalqın narazılıq ovqatını gündəmdən çıxarmaq, xalqın qınağını üzvlərindən birinə yönəltməklə iqtidarı vaxtaşırı tənqid edən Ziyalılar Forumunu gözdən salmaq və bütövlükdə gündəmi dəyişmək üçün çox vacibdir. Bəzi iqtidar sözçüləri Əkrəm Əylislini "yeraz" sözü ilə onları aşağıladığını bəhanə edib, guya Qərbi Azərbaycanlıları müdafiə edirlər, halbuki onların mövcud cox agır, dözülməz olan yüzlərlə problemləri haqqında bu iqtitara dəfələrlə Deportasiya Mərkəzinin etdiyi müraciətə adicə cavab verməyi də şanlarına sığışdırmayıblar.

2. Əkrəm Əylisliyə qarşı müxtəlif cəbhələrdən hücum planını gerçəkləşdirən YAP-çılar unutmasın ki, bu iqtidar onu millət vəkili edib, ona orden-medallar, müxtəlif adlar-sanlar verib. Bu statusda olan birinə qarşı olan repressiya Ramil Səfərov olayından gərəyincə faydalanan erməni lobbisinə anti Azərbaycan təbliğatı üçün fürsət yaradır. Onlar çalışacaqlar bütün dünyaya göstərsinlər ki, baxın, biz Azərbaycanın tərkibində yaşaya bilmərik, onlar "xalqın günahlarını etiraf və tövbə edən" bir barış istəyən azərbaycan ziyalısını görün nə günə saldılar. Əkrəmə qarşı hücumlar artdıqca, öz əlimizlə onu addım-addım Nobelə yaxınlaşdırırıq, xalqın faciəsi üzərindən verilən bu mükafat bizə sevinc yox, utanc gətirəcək.

3. Artıq bu olaya reaksiyaların əks-sədası Ermənistandan, Türkiyədən gəlməkdədir və əsəri müxtəlif dillərə çevirib yayacaqlar, beynəlxalq münasibət Əkrəm Əylislinin yazdıqları fonunda Dağlıq Qarabağ məsələsində ziyanımıza işləyəcək. Sonucda bundan erməni lobbisi və onların arxasında duranlar faydalanacaq. Xalq yazıçısına yönəlik bu ajiotaj yaxınlarda Sumqayıt olayının 25 illiyinə də "gözəl bir töhfə" olacaq. Artıq bir sıra dövlətlərdə tanınmaq prosesində olan "Xocalı soyqırımı" məsələsinə öz əlimizlə əngəl yaranacaq. Xarici diplomatiyada haqlı sözümüz kəsərdən düşəcək.

4. Deportasiya Mərkəzi hesab edir ki, bu əsər uzmanlar tərəfindən Yazıçılar Birlyində yazarın iştirakı ilə müzakirə olunmalı, ona ölçülü-biçili rəy verilməlidir. Əsəri oxuyan və oxumayanlar tərəfindən hər gün yazılan tənqid və ya müdafiə xarakterli yazıların çapı isə Yazıçılar İttifaqı rəyinin içtimaiyətə təqdimatına qədər dayandırılmalıdır. Azərbaycanın dövlət marağını hər şeydən üstün tutub onu qorumaq bizim vətəndaşlıq borcumuzdur".

AzNews.az