Yasamal bazarında “balıq üsyanı”

3 Fevral 2013 16:09 (UTC+04:00)



Bu gün Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında xoşagəlməz hadisə baş verib.

Dünən 12 manata balıq alan şəhər sakini bazara gələrək, balığın köhnəliyi ucbatından ailəsində zəhərlənmələrin olduğunu bildirib. O bazara nəzarət edən şəxsləri də məsələ ilə bağlı məlumatlandırıb. Bu zaman başqa alıcılar da bazara çıxarılan məhsulların keyfiyyətsizliyindən narazı olduqlarını bildiriblər. Hadisənin şahidi olan şəxslər AzNews.az-ın əməkdaşı ilə söhbətində deyiblər ki, narazı qalanlar xüsusilə balıq məhsullarının köhnə olduğunu və baha satıldığını bildiriblər.

Nəticədə balıq satılan yerə çoxlu narazı insanlar toplanıb və Səhiyyə Nazirliyinin əməkdaşlarının bazara çağırılmasını tələb ediblər. Gərginliyin getdikcə artığını görən bazar rəhbərliyi əraziyə polis qüvvəsi çağırıb. Yalnız bundan sonra insanları ərazidən uzaqlaşdırmaq mümkün olub.

Xatırladaq ki, oxşar hadisə ötən həftə də baş vermişdi. Hətta satıcının müştəri üstünə bıçaq çəkdiyi də bildirilirdi.

Elnarə
AzNews.az