Erməni Separatizmi Rusiya dövlətini təhdid edirdi

31 Mart 2017 09:33 (UTC+04:00)

Ermənilərin Qafqazda mövcud əhaliyə çevrilməsini Rusiya imperatorları və onların məmurları təmin etmişlər. «Biz xristianlıq naminə sədaqətli erməni millətini öz himayəmizdə saxlayırıq» deyərək erməni xalqına 1724-cü il 10 noyabr tarixli fərmanında I Pyotr erməniləri «Gilan və Mazandaranda olduğu kimi, Bakıda və digər uyğun yerlərdə nəinki qəbul etsinlər, hətta yaşamaq və məskunlaşmaq üçün rahat ərazilər ayırsınlar və bundan belə hər cür şəfqətdə və təhlükəsizlikdə saxlasınlar» məzmunlu göstəriş də vermişdi.XX yüzillikdəki ərazi iddialarında ermənilərin məskunlaşma prinsipinə söykənməsinin əsası I Pyotrun təlimatının 100 il sonrakı icraatından qaynaqlanır: Türkmənçay müqaviləsinin XV maddəsi «Azərbaycan adlanan vilayətə» ermənilərin «ailələri ilə sərbəst keçidləri üçün» təminatı rəsmiləşdirdi. Üstəlik köçürülmənin təşkili polkovnik Lazarevə tapşırılmış, ona kömək üçün «əksəriyyəti erməni mənşəli və ya bu xalqın dilini bilən» zabitlər təhkim edilmişdir. Əlahiddə Qafqaz korpusunun komandiri general Paskeviçin 3 mart 1828-ci il raportuna görə İrəvan və Naxçıvan vilayətlərinə nisbətən Qarabağa, «bu əyalətə daha yaxın olan və daha təkidlə Qarabağ xanlığına köçürülmələrini tələb edən ailələrin köçürülməsi nəzərdə» tutulmuşdu. Türkmənçay müqaviləsindən az sonra, 1828-ci il 26 may tarixli məlumatda göstərilir: «artıq Qarabağda 279 və İrəvan vilayətində 948 ailə məskunlaşdırılmışdır. Polkovnik Lazarevin təminatına görə bu rəqəm 5000 ailədən artıq olacaqdır».

Azərbaycan torpaqlarında ermənilərin yerləşməsi prosesi Osmanlı imperiyası ilə Rusiya arasındakı Ədirnə (1829) müqaviləsi ilə davam etmişdir. XIX əsrin sonlarında Rusiya Osmanlı ərazisində «erməni məsələsi» yaradaraq onu himayə etməyə başlamışdır. Berlin traktatının 61-ci maddəsində təsbit olunan himayəçilik «erməni məsələsi»nə beynəlxalq məzmun verdi. Rusiyanın «Balkan məsələsi»ndən sonra Osmanlı dövləti üçün yaratdığı yeni bir «erməni məsələsi» doğurmuş oldu.

«Təsiri və gücü sürətlə» artan ermənilərin «təkidlə, sistemliliklə» «bir növ sosial-siyasi çevriliş hazırlayırlar» səviyyəsində Rusiya hakimiyyətinin diqqətini məşğul etməsi XIX əsrin sonlarında erməni separatizminin siyasi səhnəyə daxilolma göstəricisidir. Rusiyanın Qafqazda baş rəisi A.M.Dondukov-Korsakov çar III Aleksandra yazırdı: «…erməni ziyalıları mühitində son zamanlar, doğrudur, hələlik mübhəm şəkildə, hər hansı avtonomiya və qədim Hayastanın hüdudlarının bərpası xülyalarına separatist təşəbbüslər gözə çarpır» .1882-ci ildə yazılmış bu qeydlərdə getdikcə təhlükəli məzmun alan «erməni separatizmi»nin təsir gücünü sındırmaq məqsədilə Rusiya məmurları erməni birliyini parçalamaq üçün dini-siyasi təfqirə salmaq üsullarını işə salmışdı. Lakin bu siyasətdə qeyri-ardıcıllıq, ayrı-ayrı məmurların fərqli mövqeyi, məsələni kifayət qədər ciddi qəbul etməmək erməni separatizminin ötkəmləşməsinə gətirib çıxartmışdı. Erməni separatizminin sosial bazası rəngarəng məzmun daşımışdır: ruhanilər, ziyalılar, ictimai xadimlər, məmurlar, iri torpaq sahibləri və d. XIX əsrin son on ilində erməni cəmiyyətində siyasi təşkilatlanma prosesinin getməsi tələblərinin proqram müddəası olaraq ortaya qoyulması ilə konkretləşirdi: Onların «hər hansı avtonomiya və qədim Hayastanın hüdudlarının bərpası xülyaları»na əhəmiyyət verməyən rus məmurları da vardı: «Bu fikir nəzəri cəhətdən nə qədər cəfəngdirsə, eyni dərəcədə də praktiki məna kəsb etmir» .Belə sadəlövh düşünməyən yüksək çinli rus məmurları içərisində erməni separatizminin qurbanına çevrilənlər də oldu. Xüsusən knyaz Qolitsının mübarizə tərzi ona qarşı terrorla qarşılanır.

Erməni ruhaniliyinin məqsədyönlü intensiv iş aparmasını diqqətdən salmayan məmurlar mütəmadi məlumat verirdilər. Əsrin əvvəlində rus çarının himayəsinə sığınan, onun təbəəsi olmağa can atan erməni elitasının başında dayanan erməni kilsəsi, nümayəndəsi artıq təbəəsi olduğu hökmdarı özününkü saymırdı: «Hökmdar imperator bizim çar deyil, rus çarıdır».

Qafqazda iqtisadi nüfuzu artmaqda olan ermənilərin təşkilaitlanması mütəşəkkil qüvvəyə çevrilməsi «siyasi cəhətdən də zərərli» amil kimi qiymətləndirilirdi. 1897-ci ildə Qafqazdakı baş mülki rəisin çara göndərdiyi qeydlərindəki narahatlıq rəqəmlərin göstəricisində daha qabarıq gözə çarpır: «əksər Zaqafqaziya şəhərlərində belə mülkiyyətin sahibləri ermənilər olduğundan, əslində bütün şəhər özünüidarəçiliyi ermənilərin əlindədir. Tiflis şəhərində 79 qlasnılardan 56-sı erməni idi, bu da bütün qlasnı tərkibinin 70%-ni təşkil edir; bu şəhərin əhalisinin sayına nisbətdə isə ermənilər yalnız 40%-ə yaxını təşkil edirlər» .Nəticə etibarilə «erməniliyin mərkəzləri sırasında Tiflis Konstantinopoldan sonra ikinci yeri tutur» .Göründüyü kimi, bu gün dünyaya Osmanlı dövləti tərəfindən soyqırımına məruz qaldıqları barədə hay-küy salan ermənilərin böyük bir imperatorluğun mərkəzində nüfuzları və mövqeləri hansı yüksək səviyyədə olmuşdur ki, Rusiyanın ali məmurları o dövrdə Konstantinopolu – İstanbulu “erməniliyin mərkəzləri sırasında” birinci yerdə bilirdilər. Həm də belə qənaətə gəlmək olar ki, «erməniliyin mərkəzləri» də artmaqda imiş. Bu sırada Qafqaz regionu istisna təşkil etmir. Məhz bu səbəblərdən sonralar Qafqazda ermənilər gürcülərlə ərazi davasında «real yerləşmə» prinsipini irəli sürdü. Gürcülər isə «tarixilik prinsipi»ndən çıxış edirdilər. Çarizmin köçürmə siyasəti nəticəsində Cənubi Qafqazın əksər strateji bölgələrinə yerləşdirilmiş ermənilər üçün «real yerləşmə» prinsipi sərfəli idi. Bu prinsipi qəbul edəcəkləri halda gürcü qəzeti «Ertoba»nın yazdığına görə, paytaxtları Tiflis Gürcüstanın dövlət sərhədlərinin yaxınlığında qala bilərdi.

Çar hökuməti erməni təhlükəsini zərərləşdirmək tədbirləri görərkən Qafqazda əksəriyyət təşkil edən müsəlman amilini yaddan çıxartmırdı. Şəhər əsasnaməsində edilən dəyişikliyə görə «Zaqafqaziya şəhərlərində qeyri xristianlar şəhər duması və ya» məclisinin qlasnılarının yarısından çox ola bilməzdi .Qafqaz Baş Mülki rəisinin 17 fevral 1900-cü il təliqəsi ilə «Şuşanın müsəlman əhalisini Şəhər Dumasına qlasnılar seçilməsi zamanı onların hüquqlarının xristianlarla bərabərləşdirilməsi haqqında ərizələri» Daxili İşlər Nazirliyinin Təsərrüfat Departamentinə göndərilir .

Erməni separatizmi iqtisadi, siyasi, hərbi gücündən öncə dini təməlinə söykənirdi. T.Sviyetoxovskinin, erməni millətçiliyinin simvolu saydığı erməni kilsəsi əslində erməniliiyn bel sütunu olmuşdur. Erməniliyin ideoloji əsasını təşkil edən, yaşadan, mühafizə edən, «təkmilləşdirən» erməni – qriqorian kilsəsinə rus hakimiyyətinin qarşı çıxmaq cəhdi ermənilərin kəskin reaksiyası ilə qarşılandı. Erməni-qriqorian kilsəsinini «Daşnaksütyun» partiyası ilə sıx əməkdaşlığı getdikcə daha çox uzlaşırdı. Kilsə zirzəmiləri partiyanın silah cəbbəxanalarına çevrilirdi .

Rusiya və Türkiyə əzarisində müsəlmanlara qarşı törədilən qətliamlar 1905-1906-cı ildə geniş miqyas aldı: «Ermənilərin Şuşa, Zəngəzur, Karyagin və Cavanşir qəzalarında tatarlarla bu ilin (1905-ci il – F.Ə.) avqust ayından bəri səngiməyən düşmənçilik toqquşmaları son zamanlar Yelizavetpol iğtişaşlarının təsiri ilə yeni qüvvə ilə güclənmiş və həmçinin digər qəzalara da keçmişdir» .

1906-cı il iyulun 12-23-də Şuşa şəhərində törədilən qırğınlar haqqında prokuror təqdimatında deyilir: «…iyulun 21-də yenidən… ermənilər tərəfindən başlanan, bir də iyulun 23-də səngiyən atışma baş vermişdir. Bu zaman zərər çəkən tərəf tatarlar olmuşdur. Onların 104 evi yandırılmış, 31 adam qətlə yetirilmiş və bir o qədər də adam yaralanmışdır… Ermənilər daha yaxşı hazırlanmış və təşkilatlanmışlar: onların başçıları, carçıları və şəfqət bacıları olan dəstələri yaradılmışdır» .

Bu barədə Yelizavetpol qubernatorunun 1905-ci ilə dair hesabatında da deyilir: “…Avqust ayında bütün Yelizavetpol quberniyasına, ələlxüsus dörd cənub qəzaya böyük təsirə malik Şuşa şəhərində milli zəmində iğtişaşlar baş vermişdir. Bu toqquşmalar zamanı yanğınla 200-ə yaxın ev məhv edilmiş, ölən və yaralananların sayı 250-ə çatmışdır” .

XIX-XX əsrlərdə Rusiya hakim dairələrinin yazışmalarından, mətbuat səhifələrindən, rəsmi sənədlərdən erməni separatizmini ifşa edən onlarla iqtibas gətirmək mümkündür.

«Erməni xalqı Zaqafqaziyanın istilasınadək burada hər hansı yüksək mövqeyə malik deyildi.. Peterburqda bütün dövlət idarələrində agentləri olan ermənilər həmişə hökumətin bütün tədbirlərindən və hərəkətlərindcən xəbərdar olurdular» (N.M.Şavrov).

«…1905-ci ildə tatarların ermənilərə hücum etmək niyyətləri yox idi, amma ermənilər özləri üçün Yelizavetpol və İrəvan quberniyalarında tamamən erməni əhalisinin olması üçün əraziləri tatarlardan təmizləməli idilər». («Русское знамя», 1912, №18).

«…Son 40 ildə ermənilər kifayət qədər öz sifətlərini, öz qəlblərini, öz vicdanlarını, öz ürəklərini, mənəvi və əqli simalarını göstərmişlər. Bu, ən pozğun, ən yalançı, ən kinli və ən ciqnayətkar xalqlardan biridir. Hər bir ağıllı dövlət ona avtonomiya yaratmamalı, əksinə, onu nə vaxtsa müstəqil ola bilmək və öz ziyankarlıqlarını gücləndirmək imkanından məhrum etməlidir».

«Türkiyədə ermənilər özünümüfiə və mübarizə tədbirlərinə şərəflərini, həyatlarını və mülkiyyətlərini təmin etmək üçün əl atdılar». Bu ilk yalandır, çünki türklər deyil, ermənilər Rusiya və Avropanın onları qurtaracağı və avtonom Ermənistan yaradacaqları ümidlə üsyana qalxdılar».

«Erməni-tatar qırğınını ermənilər deyil, tatarlar başlamışlar». Bu çox həyasız bir yalandır, çünki çağdaş dönəmdə artıq tam təsdiqlənmiş və sübut olunmuş faktdır ki, bu hücumun təşəbbüskarları və cinayətkarları ermənilər olmuşlar». («Русское знамя», 1912, №27).

«Yalnız erməni əhalisini zərərsizləşdirməklə rus hökuməti Zaqafqaziyada qanunla ona məxsus yeri tuta bilər…» («Харьковские Ведомости», 1908, №122).

«Amma ermənilərdə ən təhlükəli siyasətbaz ziyalılardır ki, başqa xalqların içinə soxularaq mütləq şəkildə qanlı sonluqla nəticələnən nifaq və ixtilaf yayırlar». («Новое время», 1908, 20 mart).

«…Biz Qafqaza gələndə orada heç bir erməni ziyalılığı mövcud deyildi: biz onu böyük qurbanlar bahasına rus pulları ilə yaratdıq: heç orada ermənilər də yox idi və onlar elə əhəmiyyətsiz qüvvəni təmsil edirdilər ki, bizi əlbəttə ki, müdafiə edə bilməzdilər. («Окраина России», 1908, №33-34).

«İran iğtişaşını türk-erməni və rus-Qafqaz iğtişaşlarından əlahiddə nəzərdə keçirmək olmaz. Üç imperiyaya təhlükə törədən, Polşanı parçalayan Polşa üsyanı kimi, Xəzəryanı inqilab İranın, Türkiyənin və Rusiyanın birləşən ərazilərinin qanqrenasıdır. Bu qanqrenanın ümumi yoluxdurucusu isə ermənilərdir».

Özünün Qafqaz siyasətində, Şərqə yönəli strategiyasında erməni separatizmi ilə əməkdaşlıq edən çar hakimiyyətinin ənənəsini sonrakı Rusiy ahakimiyyətləri davam etdirmişlər. Bölgə ilə bağlı maraqları uzlaşdığından mərkəzin Qafqazdakı məmurlarının məlumatlarından Rusiya dövləti siyasətinə xidməti səmtdə faydalanmışdır. Lakin Rusiya ictimaiyyəti, rus cəmiyyəti proseslərin əsil mahiyyətindən, əksər hallarda bixəbər tutulmuşdur. Hələ ötən əsrin əvvlələrində «Russkoye znamya» qəzeti (№18, 1912) yazırdı: «Rus xalqı bilməlidir ki, ermənilər kimdir və biz kiminlə münasibətdəyik» . Üzərindən 100 illik bir müddət keçməsinə baxmayaraq hazırda Avropa, Rusiya ictimai fikri əsil həqiqətlərdən yenə də məqsədli şəkildə təcrid olunur. Bu gün təcavüzə məruz qalmış Azərbaycan tərəfinin çatdırdıqları həqiqətlər qərəzli təsərrüfvat yaratmış sayılırsa, Rusiya mətbuatının tanınmış xadimlərinin, ali məmurlarının hətta 100 il öncə belə söylədikləri sadə rus insanı üçün o dərəcə mötəbər, etimadlı görünə bilər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri Firdovsiyyə Əhmədova