“Donuz qripi” təhlükəsi ciddiləşir

4 Fevral 2013 10:57 (UTC+04:00)


"Donuz qripi" təhlükəsinin yenidən qayıtması ilə əlaqədar ölkəmizdəki donuzçuluq təsərrüfatlarının sahiblərinə ciddi tapşırıq verilib. Bunu AzNews.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Mətbuat katibinin sözlərinə görə, donuzçuluq təsərrüfatının sahiblərinə giriş - çıxışlarda dezobaryerlərin qurulması, xüsusi qələvi məhlulların tökülməsi, kənar şəxslərin əraziyə daxil olmasının qadağan edilməsi, donuzların qapalı şəraitdə saxlanılması tapşırılıb:

"Hər bir təsərrüfatdan götürülən qan nümunələrinin laboratoriyada analizi aparılıb. Heç bir təhlükəyə rast gəlinməyib. Buna baxmayaraq təsərrüfat rəhbərlərinə ciddi tapşırıqlar verilib və mütəmadi olaraq bu tapşırıqların icra vəziyyəti yoxlanılır. Çünki donuz qripi donuzlar, quşlar və insanlar arasında müşahidə oluna bilər".

Qeyd edək ki, hazırda ölkəmizdə Bakı, Qəbələ, Qaz, Xaçmaz, Balakən rayonları olmaqla ümumilikdə 7 min başa yaxın donuz saxlanılır.

Elnarə Əlosmanqızı
AzNews.az