Yazıçı Anar prezidentə məktub hazırlayır: “Əkrəm Əylisli cəzalandırılsın”

4 Fevral 2013 11:15 (UTC+04:00)



Azərbaycan Yazıçılar Birliyinin xalq yazıçısı Əkrəm Əylislinin "daş yuxular"ı romanı ilə bağlı ilkin rəyi açıqlandı.

AzNews.az-ın Yazıçılar Birliyindən əldə etdiyi məlumata görə, "Daş yuxular" romanı sözügedən qurumun bütün katiblərinə paylanılıb. Katiblər romanı oxuduqdan sonra birlikdə toplantı keçirilib və "Daş yuxular" müzakirəyə çıxarılıb. Bildirilən məlumata görə, yazıçı ilə bağlı verilən ilkin rəy ürəkaçan deyil. "Daş yuxular"ı "bişmiş əsər" hesab etməyən Yazıçılar Birliyinin sədri Anarın açıqlayacağı rəylə əslində Əkrəm Əylislidən qisas aldığı bildirilir.

Belə ki, Anar fürsətdən istifadə edərək bundan maksimum yararlanmağa çalışır. Onun bu niyyəti isə aşağıdakı fikirindən də bəlli olur: "Əkrəm Əylisli uzun illərdir ki, ayrı-ayrı adamların üstünə yeriyirdi. Bu dəfə isə bizlərin deyil, bütün millətin üstünə yeriyib".

Hələ bu harasıdır. Yazıçılar Birliyi ölkə prezidenti İlham Əliyevə də məktub hazırlayıb. Həmin məktubda Yazıçılar Birliyinin təqdimatı əsasında Ə.Əylisliyə verilən "Xalq yazıçısı" fəxri adı, "Söhrət ordeni"nin ondan geri alınması tələbi qoyulub. Qeyd edək ki, YB-inin bu tələbi ilə bağlı birlik üzvləri, yəni katiblər arasında fikir parcalanması yaranıb. Birlik sədri Anar isə "Biz tələblərimizi yazırıq, ona əməl olunması isə yuxarılara bağlıdır" deyib.

Bahar Rüstəmli
AzNews.az