“Mənə və ya ailəmə qarşı hər hansısa zorakılıq edilərsə...“

4 Fevral 2013 13:47 (UTC+04:00)



"Görsəm ki, onlar bu məsələni böyüdürlər, hadisələri gərginləşdirirlər, o, zaman hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm". Son günlər cəmiyyətdə böyük narazılığa səbəb olan "Daş yuxular" romanının müəllifi, Xalq yazıçısı Əkrəm Əylisli Modern.az-ın sualını cavablandırarkən belə deyib. O bildirib ki, belə bir müraciəti mətbuatda edir:

"Mən Azərbaycan cəmiyyətində özümə qarşı aqressivlik hiss etmirəm. Düzdür, belə hadisələr olur. Amma mənim bir arzum var ki, bizim ideologiyamız var, bu ideologiyanı idarə edənlər məsələyə geniş baxsınlar. Yenə deyirəm, əgər mənə və ya ailəmə qarşı hər hansısa zorakılıq edilərsə, məsuliyyətin kimin üzərində qalacağı da məlumdur. Yəni mən istərdim ki, onlar bir az müdrik hərəkət etsinlər. Bu qalmaqalı, şəratma, böhtanatma məsələlərini qurtarsınlar. Bədii əsərə qarşı Azərbaycan cəmiyyətində, tarixində belə şey olmayıb. Bədii əsərə belə münasibət kökündən yanlışdır. Bədii əsəri bədii əsər kimi oxumaq lazımdır. Bunu oxuya bilməyənlər sözsüz ki, bədii əsəri bədii əsər kimi qəbul etməyənlər bu əsərə qarşı hücuma keçirlər".

Xalq yazıçısının sözlərinə görə, o, mətbuatda onun və ailəsinin təhlükəsizliyi üçün müraciət edib. Ə.Əylisinin sözlərinə görə, onun bu müraciəti hüquq-mühafizə orqanlarına müraciət kimi də qəbul oluna bilər:

"Mən bu barədə mətbuatda da demişəm. Onlar da oxuyub. Mənim bu müraciətim hüquq-mühafizə orqanlarına müraciət kimi də qəbul oluna bilər".

AzNews.az