Polkovnik qətl törətmiş oğlunu polisə təslim etdi - TƏFƏRRÜAT

4 Fevral 2013 16:04 (UTC+04:00)
Fevralın 2-də Gəncə şəhərində qətl törətmiş şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, fevralın 2-də saat 23 radələrində Gəncə şəhərinin Kəpəz rayonunda Məmmədov Elnur Elşad oğlunu qətlə yetirmiş 1989-cu il təvəllüdlü Həsənov Orxan Ədalət oğlu Bakı şəhərində yaxalanıb. 24 yaşlı O.Həsənovu atası, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Ədalət Həsənov özü polisə təslim edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə münaqişə zəminində baş verib. O.Həsənov tanışı olan Elnur Məmmədovun boğaz nahiyəsini kəsərək onu qətlə yetirib. 24 yaşlı oğlanın tanışını qadın üstündə qətlə yetirdiyi də bildirilir.

Hadisədən sonra O.Həsənov Gəncəni tərk edib. Onun yaxalanmasında atası da iştirak edib və gənc oğlanın Bakı şəhərinin Nərimanov rayonu ərazisində olması müəyyən edilib. Daha sonra isə Ə.Həsənov oğlu ilə görüşüb və onu polis bölməsinə gətirərək istintaqa təhvil verib.

Qeyd edək ki, Orxan Həsənov hələ bir neçə ay əvvəl oğurluq cinayəti ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü kimi həbs edilib. Həmin vaxt o, məhkəmənin hökmü ilə cərimə olunaraq azadlığa buraxılıb.

AzNews.az