26 yanvar məhbuslarının şikayətlərinə baxıldı

4 Fevral 2013 16:36 (UTC+04:00)
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi 26 yanvar aksiyasına görə 13 sutka inzibati həbs alan AXCP fəalları Əbülfəz Qurbanlı, Tuncay Quliyev və Əlisoy Türkelin şikayətlərinə baxıb. "Media forum" saytına açıqlama verən vəkil Əsabəli Mustafayev bildirib ki, məhkəmə şikayətləri təmin etməyib:

"Biz inzibati həbs cəzalarının ləğvini, hər üç şəxsə 6 min manat təzminat ödənilməsini istmişdik. Lakin məhkəmə müstəqil olmadığı üçün tələblərimiz yerinə yetirilmədi".

Vəkil qeyd edib ki, iş materiallarına fevralın 1-i Bakıda, yazıçı Əkrəm Əylislinin evinin önündə keçirilən aksiyalarla bağlı xəbərlər, fotolar və video əlavə olunub: "Məhkəmədə də bildirdik ki, aksiyaya görə insanlar cərimələnir, tutulursa, o zaman yazıçının evinin önündə niyə saxlanılan olmadı? Həmin aksiya da razılaşdırılmamış aksiya idi. Amma heç kəs saxlanmadı".

Yanvarın 26-da Bakının Sahil bağında və ətraf ərazilərdə "Silahı üstümüzdən çəkin" şüarlı aksiya keçirilib. Fəallar İsmayıllıdakı etirazların qarşısının sərt şəkildə alınmasına qarşı çıxıb.

AzNews.az