Avtoqəzada bir nəfər öldü, 3-ü xəsarət aldı:sürücü qaçdı

4 Fevral 2013 22:55 (UTC+04:00)

Bakı-Qazax yolunda bir nəfərin ölümü, 3 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə hadisə yanvarın 4-də axşam saat 21:30 radələrində yolun 240-cı kilometrliyində, Ucar rayonu ərazisində qeydə alınıb. Xocavənd rayon sakini 1983-cü il təvəllüdlü Hüseynov Aslan Sevindik oğlunun idarə etdiyi 10-FO-144 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik maşını qarşı tərəfdən gələn 23-BF-652 dövlət nömrə nişanlı "QAZEL" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində "QAZEL"in sürücüsü hadisə yerindən qaçıb, "VAZ 2107"nin sürücüsü ağır xəsarətlə Ucar rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, 3 nəfər sərnişin isə digər avtomobillə Bakı şəhərinə yola salınıb. Yolda yaralılardan birinin vəziyyəti ağırlaşdığından Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib. Ölən və Bakıya aparılan digər iki yaralının adlarını hələ ki, müəyyən etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.