Tofiq Yaqublu və İlqar Məmmədov Kürdəxanıya köçürüldü

5 Fevral 2013 15:43 (UTC+04:00)
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bu gün Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan və dünən barələrində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Tofiq Yaqublu (Müsavat başqanının müavini) və İlqar Məmmədovla (REAL hərəkatının sədri) görüşüb.

Bu barədə musavat.com-a məlumat verən E.Behbudovun sözlərinə görə, görüş qısa, cəmi beş dəqiqə çəkib və məhkəmə qərarıyla azadlığı məhdudlaşdırılmış şəxslərin məhbus daşımaq üçün nəzərdə tutulmuş avtomobilə mindirilməsi zamanı baş tutub. Tofiq Yaqublu və İlqar Məmmədov Elçin Behbudova cəlb olunduqları cinayət işinin qurama və siyasi motivli olduğunu, ittihamı qəbul etmədiklərini bildiriblər.

E.Behbudovun sözlərinə görə, o, mandatına uyğun olaraq saxlanılan şəxslərin istintaqda və təcridxanada hər hansı bir fiziki təzyiqə, işgəncəyə məruz qalıb-qalmadıqlarını soruşub. Həm Tofiq Yaqublu, həm də İlqar Məmmədov bildiriblər ki, onlara qarşı qanunlar çərçivəsində davranılıb.

Görüş başa çatandan sonra hər iki siyasətçi dustaq maşınında Kürdəxanıda yerləşən istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, Tofiq Yaqublu və İlqar Məmmədovu İsmayıllıda baş verən ekstremal hadisələr zamanı əhaliyə qızışdırıcı çağırışlar etməkdə təqsirləndirirlər.

AzNews.az