Deputatların etik davranış qaydalarının müzakirəsi başladı - Milli Məclisdə

20 Aprel 2017 13:12 (UTC+04:00)

“Report”un məlumatına görə, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, parlament seçkisi zamanı deputata 40 mindən çox seçici səs verir.

O qeyd edib ki, seçicilər səs verən zaman deputata inanırlar və bu parametrlər üzrə ondan lazımi iş görməsini gözləyirlər.

B.Muradova deyib ki, bəzi hallarda deputatlar tərəfindən addekvat olmayan davranış sərgilənə bilir: “Təbii ki, bu da qanunla tənzimlənməlidir. Ona görə də yeni hazırlanan qanun layihəsinin əsas məqsədi şəffaflığın və səmərəliliyin artırılmasıdır. Layihə hazırlanarkən Avropa Şurasına və MDB ölkələrinin təcrübələri, eləcə də Azərbaycan reallıqları nəzərə alınıb”.

Deputat Azay Quliyev vurğulayıb ki, belə bir qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac vardı: “Layihədə yer alan müddəalarda qeyri-adi heç nə yoxdur. Konstitusiyaya əsasən, bunu ümumi cəmləşdirib yekun halda təqdim etmək lazım idi. Hakim partiyaların, müstəqil və müxalifət partiyalarının deputatları ilə ayrılıqda görüşüb işçi qrupu da yarada bilərik”.

Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, vaxtı ilə parlamentdə küçə söyüşünün söyülməsi halları olub: “Həmin şəxslər də təbii ki, layiqli cəzalarını alıblar. Gələcəkdə də bu tipli addımların atılmasının qarşısını almaq üçün belə bir qanun layihəsinin hazırlanması zəruri idi”.

Hazırda qanun layihəsi ətrafında müzakirələr davam edir.

AzNews.az