Heydər Əliyev Fondunun Füzuli rayonunda həyata keçirdiyi layihələr - Fotolar

21 Aprel 2017 13:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ölkəmizin musiqisini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, müxtəlif xalqların və millətlərin birgə yaşam modelini, azərbaycançılıq məfkurəsini bütün dünyaya yayan və təbliğ edən Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, bir çox ölkə və qitələri əhatə edir.

Respublikanın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qayğı və diqqətini əhalimiz daim hiss edir.

Heydər Əliyev Fondunun son 5 ildə Füzuli rayonunda həyata keçirdiyi layihələrə diqqət etsək bunu bir daha aydın görmüş olarıq. 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir standartlara cavab verən məktəb binası tikilərək istifadəyə verilib.

Heydər Əliyev Fondunun Füzuli rayonuna köməyi başqa sahələrdə də özünü göstərir. Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva füzulili körpələri də yaddan çıxarmamışdır. 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində iki mərtəbəli 100 çarpayılıq, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq körpələr evi-uşaq bağçaları tikilərək istifadəyə verilmişdir. Bağçalarda uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb.

Öz tarixi keçmişləri ilə fəxr edən füzulililər Tarix-Diyarşünaslıq Muzeylərinin olmamasından uzun illərdir əziyyət çəkirdilər və rayon ərazisində muzey tikilməsi üçün müxtəlif təşkilatlara müraciət edirdilər. Heydər Əliyev Fondu füzulililərin bu arzusunu da reallığa çevirmişdir. 2014-cü ildə Heydər Əliyev Fondu tərəfindən Horadiz şəhərində Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi, 2016-cı ildə isə rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən füzulili gəncləri üçün Horadiz şəhərində iki mərtəbəli ən müasir standartlara cavab verən Rəsm Qalareyası tikilərək istifadəyə verilib.

Bunlar Heydər Əliyev Fondunun son 5 ildə Füzuli rayonunun işğaldan azad olunan ərazisində həyata keçirdiyi iri layihələrdir. Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihələr həyata keçirmiş, minlərlə füzulili məcburi köçkünü sevindirib.

Heydər Əliyev Fondu tərəfindən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə cəbhə bölgəsində yerləşən füzuli rayonunda həyata keçirilən 5 böyük layihənin hər birinin açılışında Prezident cənab İlham Əliyev iştirak etmiş, görülmüş işləri yüksək qiymətləndirib.

Füzulililər Ulu öndərimizin ölməz irsini layiqincə yaşadan, ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği kimi missiyaları şərəflə yerinə yetirən Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər.

Füzulililər fəxr edirlər ki, Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır.