Təhsil nazirinin elmi dərəcəsini ləğv etdilər

6 Fevral 2013 08:14 (UTC+04:00)
Düsseldorf universitetinin fəlsəfə fakültəsinin şurası fevralın 6-da keçirdiyi iclasda Almaniyanın təhsil naziri Annette Şavanın 30 il əvvəl müdafiə etdiyi namizədlik dissertasiyasını etibarsız sayılması barədə qərar qəbul edib. Qərara əsasən, nazir həmçinin elmi dərəcədən də məhrum edilib.



APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Almaniya təhsil nazirinin ətrafında qalmaqal 2012-ci ilin mayında yaşanmağa başlayıb. O zaman bir neçə portalda Annette Şavanın 1980-cı ildə namizədlik dissertasiyasını yazarkən plagiata yol verdiyi barədə ittihamlar irəli sürüldü. Bu iddiaları araşdırmaq məqsədi ilə Şavanın elmi dərəcə aldığı Düsseldorf universitetinin fəlsəfə fakültəsinin dekanı Bruno Blekmann xüsusi komissiya yaratdı. İlin sonunda komissiya araşdırmanın nəticələrini şuraya təqdim edib.



Fakültə şurasının keçirdiyi gizli səsverməsinin nəticələrinə əsasən, (12 səs "lehinə", 2 səs "əleyhinə" və 1 nəfər "bitərəf" olmaqla) qəti olaraq Annette Şavanın namizədlik dissertasiyasını etibarsız sayıb və onu doktor elmi dərəcəsindən məhrum edilməsi barədə qərar qəbul edilib.



Dekanın sözlərinə görə, Annette Şavan yaxın 4 həftə ərzində qərara etiraz bildirmək hüququna malikdir. Təhsil naziri bütün ittihamları inkar edib və tutduğu vəzifəni tərk etmək niyyətində olmadığını bildirib.

Maraqlıdır ki, qızğın mübahisələr doğuran namizədlik dissertasiyasının mövzusu "Şəxsiyyət və Vicdan" olub.