Qəbələ RLS-lə bağlı ilk iclas keçirilir

6 Fevral 2013 14:32 (UTC+04:00)



Dünən Bakıda Qəbələ radiolokasiya stansiyasının istismarının dayandırılması ilə bağlı yaradılmış Azərbaycan-Rusiya birgə komissiyasının ilk iclası keçirilir. Bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin məlumat verib.

O qeyd edib ki, bu gün qeyd olunan müzakirələr Qəbələdə davam etdiriləcək. Səfir iclasda hansı avadanlığın Azərbaycandan çıxarıla biləcəyi məsələsinin müzakirə olunduğunu deyib: "Biz Qəbələ radiolokasiya stansiyasını Azərbaycana qəbul etdiyimiz şəkildə qaytarmalıyıq. Bundan başqa saziş imzalandıqdan sonra gətirdiyimiz avadanlıqlar Rusiyanın mülkiyyətidir və onu geri aparmaq hüququmuz var".

Səfirin sözlərinə görə, bu məsələ qısa müddət ərzində öz həllini tapacaq: "Və bundan sonra stansiyanın tam şəkildə Azərbaycanın yurisdiksiyasına keçməsi barədə sənədlər imzalanacaq və Rusiya aparmaq hüququna malik olduğu avadanlıqları Azərbaycandan çıxarmağa başlayacaq".

Səfir bu prosesin nə qədər davam edəcəyini söyləməkdə çətinlik çəkib.