Bakıda cinayətkar qrup zərərsizləşdirilib

6 Fevral 2013 16:50 (UTC+04:00)


Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 6-da saat 04.00 radələrində Səməd Vurğun bağının qarşısında 3 nəfər naməlum şəxs Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Əliquliyev Əbülfəz Əlövsət oğlunun idarə etdiyi "Mersedes" markalı 99 DF 130 dövlət nömrə nişanlı avtomaşına minib Hövsan qəsəbəsi Qum adasına getmək istədiklərini bildiriblər. Qum adasında naməlum şəxslər maşını saxlayıb, sürücü Əliquliyevə bıçaqla kəsilmi-deşilmiş xəsarətlər yetirərək avtomaşını əlindən alıblar.

Zərərçəkmiş klinik mərkəzə müraciət edib, mərkəzdən Suraxanı RPİ 30-cu PB-yə məlumat verilib. Polis Bakının bütün rayonlarında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları quldurluqda şübhəli bilinən şəxsləri avtomobilə birlikdə Bakıxanov qəsəbəsi ərazisində "isti izlər"lə yaxalamağa müvəffəq olublar. Saxlanılan şəxslər Bakı şəhər sakinləri Fərid Əliyev, Ramin Rəhimov və Aysel Mustafayevadır.
Hazırda Suraxanı RPİ-də CM-nin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.

AzNews.az