Bu gün iqtisadiyyatımız daha çox qeyri-neft sektoru hesabına inkişaf edir - İlham Əliyev

1 May 2017 19:06 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında söyləyib.

Dövlətimizin başçısı bildirib ki, son illər ərzində ölkəmizdə yaradılmış yeni təhsil müəssisələri bu gün məhz bunun hesabına fəaliyyət göstərir. İnvestisiya, maddi imkanımız olmasa idi, istəyimiz olsa belə bütün bu işləri görmək çətin olardı. “Biz neftdən əldə olunan gəlirlərdən çox səmərəli şəkildə istifadə etdik. Ölkəmizi gücləndirdik, yeni infrastruktur yaratdıq, bütün şəhərlərimiz abadlaşdı, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrildi. Bütün bölgələrdə quruculuq-abadlıq işləri uğurla gedir”, - deyən dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyyatı daha çox qeyri-neft sektoru hesabına inkişaf edir. Prezident vurğulayıb ki, əgər son illərin statistikasına nəzər salsaq görərik ki, bu gün Azərbaycan iqtisadiyyatının əsas təkanverici qüvvəsi qeyri-neft iqtisadiyyatıdır.