Viaqra “şəhidləri”- ARAŞDIRMA

6 Fevral 2013 17:27 (UTC+04:00)


Çini tarixdə hələ uzun müddət feodal ölkə olaraq xatırlanmaqdan qurtarıb bütün dünyada super güclərdən birinə çevirməklə özündən bəhs etdirən Mao Tze Dun bir şeydən qorxurdu – impotentlikdən. O, dünyada danışdıqları ilə hərəkətləri bir-birinə uyğun gəlməyən çox sayda liderlərdən biri idi. Əvvəlcə özündən dəfələrlə kiçik qızlarla mərasimlərdə ata qayğısı ilə mehribanlıqla görüşür, daha sonra isə onlarla bir günlük eşq macərası yaşayırdı. İllər sonra "böyük Mao"nun qadın tutqusunun "ölümsüzlük qazanmaq üçün 100 min bakirə qızla birlikdə ol" inancına dayandığı ortaya çıxacaqdı. Böyük rəhbər gənc qızların ona əbədi həyat bəxş edəcəyinə inanırdı. Ancaq özü qocaldıqca dünyada ən çox qorxduğu şeyin-impotentliyin onu əsir almaması üçün Çinin adlı-sanlı həkimlərini səfərbər etmişdi. Yəqin ona görə ki, o zamanlar indi ümumiləşmiş adı ilə "Viaqra" deylən dərmanlar yox imiş…

82 yaşlı qoca şəhvətinə qurban getdi

1998-ci ildə Honkonqda bir həyat qadınının məhkəmə prosesi mətbuatın manşetini bəzəyirdi. Qadın qarət məqsədilə öz daimi müştərisini öldürməkdə ittiham olunurdu. Məhkəmənin aylar sürən gedişi zamanı aydın oldu ki, 82 yaşlı kişi heç də qarətin qurbanı olmayıb. Olsa-olsa öz şəhvətinin qurbanı olub ki, buna da dözə bilməyən qadın çıxış yolunu ölümdə görüb. 82 yaşlı qocanı ölümə aparan qeyri-adi aktivliyinin səbəbi isə "Viaqra" olub.

"Viaqra"nı Amerikanın məşhur "Pfizer International" firması hazırlayaraq, satışa çıxarıb. Uğurlu reklam kompaniyası nəticəsində dərman milyonlarla satıldı, kişilər artıq qorxulu röyalarından qurtulmağın yolunu tapdıqlarına görə sevinirdilər. Tədricən kişilərlə bərabər qadınlar da həkim tövsiyəsi olmadan kişilər üçün hazırlanan bu dərmandan istifadə etməyə başladılar və bu tendensiya bu gün də davam edir. Dərman Amerikada qeydiyyata alınandan cəmi 8 ay sonra bu dərmanla bağlı 6 milyon ədəd reseptin yazılması isə təsadüf kimi qiymətləndirilmədi. Bir çoxları artıq illərdir ki, formalaşmış düşüncəni dönə-dönə səsləndirdilər – heç bir dərman icazə üçün müraciət etdiyi müddətdən qısa zaman sonra istehsal və satış üçün icazə almayıb. "Viaqra" sürətlə gedirdi və elə bu sürətlə də dünya bazarını fəth etdi.

130 ölümün sirri

2002-ci ildə Amerikada açıqlanan bir hesabat isə dərmanın adını təhlükə ilə bir arada çəkilməsinə səbəb oldu. Dərmanlar üzərində nəzarət departamentinə "Viaqra" qəbulundan sonra 130 ölüm faktının olduğu barədə məlumat daxil oldu. Ölümlərdən 3-ü insultdan, 77-i isə ürək-damar xəstəliklərindən baş vermişdi. 48 ölümün səbəbi naməlum qalmışdı. Bu məlumatın dərcindən sonra "Viaqra"ya qarşı daha ehtiyatlı davranış nümayiş etdirilməyə başladı. Doğrudur, ölənlər arasında 70 faizinin miokard infarktı və ya insulta yol aça biləcək faktorların özünü göstərdiyi vurğulanırdı. Bura yüksək qan təzyiqi, qanda xolesterinin miqdarının həddindən artıq olması, piylənmə daxil idi. Ölənlərdən 16 nəfəri isə "Viaqra" qəbulu zamanı yolverilməz hərəkət etmişdilər - nitratlardan olan dərmanları "Viaqra" ilə eyni zamanda qəbul etmişdilər ki, həkimlər bunu yolverilməz hesab edir. Başqa sözlə, öz əlləri ilə ölüm yolu açmışdılar. Beləliklə də şübhələr birbaşa "Viaqra" nın üzərindən götürüldü.

Əvvəl ürək, sonra ...

Maraqlıdır ki, "Viaqra"nın yaradıcılar ilk başda onun məhz indiki təyinatı üzrə istehsalını nəzərdə tutmamışdılar. Ürək anginasının müalicəsi üçün hazırlanan bu dərman qan dövranını yaxşılaşdırmalı idi. Ancaq ilk sınaqlar istənilən effekti vermədi və buna görə də firma "Viaqra"nın lazımsızlığı qənaətinə gəlirdi. Elə bu zaman sınaqlarda iştirak edənlər dərmanın "sirrini" açdılar. Məlum oldu ki, dərman ereksiyanı artırır, hətta istidarsızlıq problemi yaşayanlara belə müsbət təsir göstərir. Beləliklə ürək dərmanı "eşq" dərmanına çevrildi və bazarda yerini möhkəmlətdi.

Məhkəmələrdəki qalibiyyət sirri

Dünya ölkələrində zaman-zaman bu dərmanın ölümə yol açdığı barədə xəbərlər dolaşsa da, istehsalçı firma məhkəmələrdən həmişə qalib çıxıb. Əksər hallarda ölümün səbəbi kimi cinsi akt zamanı ürək-damar sistemi xəstəlikləri, infarkt və ya insult göstərilib. Buna görə də xüsusilə ürəyindən şikayəti olanların, yaşlıların bu dərmandan istifadədən öncə həkimlə məsləhətləşməsi vacib sayılır.
Beynəlxalq ürək xəstəlikləri asossiasiyasının kardioloqları belə hesab edirlər ki, dərmanın qəbulundan əvvəl sekspotoloq və ya uroloqla məsləhətləşmə vacib sayılır. Bununla yanaşı kardioloq, terapevtin müayinəsi də arzuediləndir. Xroniki xəstəliklər zamanı da dərmanın istifadəsi xüsusi ehtiyat tələb edir. Həkimlərin bildirdiyinə görə, qəbulundan 30-40 dəqiqə sonra dərman öz təsiri göstərməyə başlayır və 4 saat davam edir. Çoxları bu dərmanı yeməkdən sonra qəbul etsələr də, həkim yeməkdən əvvəl qəbulunu vacib hesab edir. Bu zaman dərmanın təsiri daha tez özünü göstərir.
Nitratlardan olan dərmanlarla "Viaqra"nın eyni zamanda qəbulu yolverilməzdir. Bura nitroqliserin, deponit, olikard, efoks, nitrionq də s. daxildir. Əsasən ürək ağrılarında qəbul edilən nitratlarla "Viaqra" bir arada qətiyyən yola getmir. İki dərmanın bir arada qəbulu arterial təzyiqin dəyişməsinə səbəb olur ki, bu da insan həyatı üçün təhlükəlidir.

Kürəkən üçün "eşq" bazarlığı

"Viaqra"nın müştəriləri arasında yaşlılar üstünlük təşkil edir. Ancaq bu o demək deyil ki, gənclər bu dərmana meylli deyillər. Əksinə Bakının mərkəzində yerləşən apteklərində keçirdiyimiz sorğu düşünmək üçün əsas verir. Əczaçılar deyir ki, bu qəbildən olan preparatlar müxtəlif olsa da, ümumi olaraq "Viaqra" adı altında tanınır. 4 ədədinin qiyməti 5 manatdan 20 manata və daha baha ola bilər. Gün ərzində bir dəfə qəbulu məsləhət görülsə də, müəyyən edilmiş doza həddini aşanlar da var:
"Bəzən elə alıcılar olur ki, gündə 2 dənə atırlar. Onlara başa salmaq olmur ki, əgər biri təsir göstərmirsə, deməli problem başqadır. Həkimə müraciət edib problemi söyləməkdən utanır, amma gündə qazandığı pulları bu dərmana tökməkdən utanmır".
Söhbət utanmaqdan düşmüşkən, əczaçılar əvvəlki illərə nisbətən artıq sözügedən dərmanı almaqda heç kəsin utanmadığını deyirlər. "Mənim təcrübəmdə ananın öz kürəkəni üçün bu dərmanı aldığı hal olub. Deyəndə ki, niyə özü almır, belə izah edir ki, heç əslində kürəkən dərman qəbul etdiyini də bilmir. Yəni suya, ya nəyəsə qatışdırıb verəcəklər. İndi bu dərmanların gel kimi olanları da var. Onu hiss etdirmədən vermək daha da asandır. Guya, bununla qızının ailəsinə yaxşılıq etmiş olur".

Kişilər xanımlardan nə gizlədir?

"Viaqra" kişilər üçün nəzərdə tutulub, amma ölkəmizdə qadınların da ondan istifadəsi halları var. Əczaçılar da bunu təsdiqləyir və indiyə qədər dərman satdıqları heç bir müştərinin əks göstərişlərlə müraciət etdiyini xatırlamırlar. Amma onlar da bildirirlər ki, kişilər çox hallarda bu dərmanın qəbulunu xanımlardan gizlədir:

"Sanki bununla özlərinə qarşı münasibətin dəyişəcəyindən qorxurlar. Ailələr var ki, illərlə problemləri olub, ancaq həkimə müraciət edib sirlərini faş etməkdənsə, boşanmağı üstün tutublar".

15 yaşlıların "eşq" sevdası

Apteklərdə aparılan söhbətlər göstərdi ki, nə qədər təəccüblü olsa da, hətta yeniyetmələrin də bu dərmandan istifadəsi halları var və bu hallar günü-gündən artır. Onlar üçün bu reklamdan doğan bir maraqdır: "15 yaşında uşağın məndən "Viaqra" istədiyi hal olub. Düzdür satmadım, qorxdum. Çünki əks təsir göstərə bilər. Bu dərmanı satanda alıcının hansı xəstəliklərinin olub-olmaması ilə maraqlanırıq. Bəzən elə olur ki, xəstəliklərini gizlədirlər. Səhəri gün də sifətləri şişmiş, qızarmış, təngnəfəs şəkildə gəlib şikayətlənirlər".


Həkimlərin sözlərinə görə, bu qəbildən olan dərmanlar özlüyündə həyat üçün təhlükəli olmasa da, qəbulu xüsusi ehtiyat tələb edir. Həkim Vaiz Səmədovun fikrincə, sekpotoloqlar bir çox hallarda onlara müraciət edənlərin hamısına bu dərmanı məsləhət görməklə işlərini asanlaşdırılar: "Əslində isə problemi tapıb həll etmək lazımdır. "Viaqra" və bu qəbildən olan dərmanlar müalicə vasitəsi deyil, təəssüf ki, onlara bəzən belə münasibət bəslənilir".

Qeyd edək ki, dərmanla bağlı iddialardan biri də onun böyrəklərə mənfi təsiridir. Ancaq indiyə qədər bu sahədə araşdırmaların təhlükəni təsdiqlədiyi barədə nəticələri açıqlanmayıb. Bəzən hətta həkimlərin "işbirliyi" də vurğulanır ki, bu da sekpotoloq və uroloqların bir-birinə "müştəri" qazandırması kimi anlaşılır. Ancaq Vaiz həkim belə bir şeyin mümkün olmadığını deyir. Onun sözlərinə görə, əyninə ağ xələt geyinib, "Hippokrat andı" içən heç bir həkim belə hərəkətə yol verməz:

"Ola bilsin ki, şəxs lazım olan müayinələrdən keçmədən öz təşəbbüsü ilə dərmanı mütəmadi qəbul etsin. Ancaq həkimlərin bilərəkdən belə bir şeyə yol verdiklərini düşünmürəm".

Pilotlara "Viaqra" qadağası

Beləliklə doğrudanmı "Vaqra" təhlükəsizdir? Bu sual aktuallığını qoruyur. Çünki mütəxəssislər bütün hallarda hətta ən etibarlı dərmandan da uzun müddət istifadənin fəsadlara yol açacağını düşünürlər. "Viaqra" ilə bağlı məhkəmələrin iştirakçısı olan vəkillər belə düşünürlər ki, dərmanın qısa müddət ərində bazarı "zəbt etməsin"nin arxasında böyük bir sirr dayanır. Çünki firmanın dərman istehsalına icazə almaq üçün ərizə təqdim etməsindən icazənin verilməsinə qədər cəmi 6 ay keçib.
Miokard infarktı, yüksək qan təzyiqi, ürək ağrıları, insult, kimi xəstəliklərdə "Viaqra" təhlükəlidir. Araşdırmalar göstərib ki, NİTROQLİSERİNLƏRLƏ "VIAQRA"NI EYNİ ZAMANDA QƏBUL EDƏN 90 NƏFƏRDƏN ÜÇDƏ İKİSİ ÖLÜB, DÖRDDƏ ÜÇÜ İSƏ MİOKARD İNFARKTI KEÇİRİB.
Nəqliyyat vasitələrinin idarəsi zamanı da xoşagəlməzliklər ortaya çıxa bilər ki, bu da dərman istifadəçisinin rəngləri ayırd etmək xüsusiyyətini qısa müddətə də olsa itməsi ilə əlaqədardır. Bəzi aviaşirkətlər artıq öz pilotlarına uçuşdan əvvəl bu dərmanlardan istifadəni qadağan ediblər. Drezden Universitetində 20 kişi üzərində aparılan təcrübə göstərib ki, 100 mq dərman qəbul edənlər 50 mq qəbul edənlərə nisbətən iyləri ayırd etmə qabiliyyətlərini müvəqqəti də olsa itiriblər.

Xatırladaq ki, Türkiyənin tanınmış müğənnisi, azərbaycanlı Azər Bülbül də məhz bu dərmanın yüksək dozada istifadə etdiyinə görə, bir otel otağında ölü tapılmışdı....

Kəmalə
AzNews.az