“Azərbaycan gənclər arasında işsizlik səviyyəsinin ən aşağı olduğu ölkələr sırasındadır” - Nazir

2 May 2017 14:42 (UTC+04:00)

APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, Azərbaycan Turizm və Menecment universitetinin təşkilatçılığı ilə keçirilən tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

S. Müslümov bildirib ki, Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasındadır: "Bu ilin ilk rübü ərzində nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin 30 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 70 faizi gənclər olub”.

Nazir qeyd edib ki, Azərbaycanda interaktiv tədrisin əyani təcrübə əsasında təkmilləşməsinə xidmət edən müəssisələrin yaradılması beynəlxalq əmək bazarı tərəfindən yüksək qiymətləndirilir: "Ötən il ölkənin 10 ali təhsil müəssisəsində 370 müəssisə tərəfindən 1838 vakant iş yeri gənclərin seçiminə təqdim olunub”.

Ə. Qarayev isə sərginin keçirilməsini yüksək qiymətləndirib. Nazir bildirib ki, hər il bu cür sərgilərin, əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur: "Turizm sahəsi üzrə potensialın daha da təkmilləşdirilməsi üçün bu sahənin ixtisaslı işçi qüvvəsi ilə təmin olunması vacib məsələlərdəndir”.

Tədbirdə 73 özəl, 4 dövlət sektorun aid olan 77 müəssisə tərəfindən 237 boş iş yeri tələbə və məzunların seçiminə təqdim edilib.

AzNews.az