“Hansı tərəfə baxırsan, alov görünür”-MÜSAHIBƏ

6 Fevral 2013 22:24 (UTC+04:00)
"Media forum" saytının suallarını politoloq Hikmət Hacızadə cavablandırır.

- "Binə" ticarət mərkəzində və İsmayıllıda baş verən etirazlar nəyin göstəricisi idi? Bunlar zəncirvari prosesdir, yoxsa lokal sosial narazılıq?

- Ölkədə vəziyyət ağırdır. Son hadisələr cəmiyyətin bütün təbəqələrində narazılığın, narahatlığın artdığını, problemlərin çoxaldığını, yığılıb qaldığını, həll olunmadığını göstərir. Bütün bunlar nə vaxtsa özünü açıq formada büruzə verməliydi. Problemlər həll olunmursa, üst-üstə yığılırsa, insanların ürəyində, beynində narazılıqları artırır və bir gün bu formada partlayır. Hansı tərəfə baxırsan, sosial iğtişaş, yanğın, alov görünür. Ümumiyyətlə, ölkədə vəziyyət çox gərgindir.

Bütün bunlardan nəticə çıxarıb başqa formada işləmək, demokratik qaydalarla hərəkət etmək lazımdır. İnsanlarla danışmaq, vətəndaşları incidən, onların hüquqlarını tapdayan əsas günahkarları cəzalandırmaq lazımdır. Hakimiyyət bunları etmir. Əvəzində etiraza çıxan insanları təqib edirlər, cəzalandırırlar. Bunlar isə növbəti partlayışa səbəb olacaq.

- Azərbaycanda proseslər hansı istiqamətdə inkişaf edə bilər?

- Bir neçə variant var. Birincisi, hakimiyyət hansısa demokratik addımlar atacaq, əhali ilə real müzakirələr aparacaq, etirazçılarla dialoqa gedəcək. İkincisi, heç bir dialoq olmayacaq, vətəndaş azadlıqları olmayan yerdə narazılıqlar üst-üstə yığılacaq və müxtəlif yerlərdə partlayacaq. Üçüncüsü, problemlər həll olunmayacaq, üst-üstə yığılacaq, xalq da buna etiraz etməyəcək, səsini çıxarmayacaq, sosial partlayış da olmayacaq. Amma xalq da yavaş-yavaş məhv olacaq. Necə ki, mayyalar, asteklər yox oldular, bizi də eyni tale gözləyir.

- Baş verənləri təhlil edəndə hansı variantı daha real sayırsınız?

- İkinci variantı. Çünki indi heç bir islahat getmir, hakimiyyətlə vətəndaşların dialoqu yoxdur, problemlər həll olunmur.

- İsmayıllı hadisələrinə görə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, REAL hərəkatının sədri İlqar Məmmədov da həbs olundular. Qərb ölkələri, beynəlxalq təşkilatlar prosesə müdaxilə edə bilərmi?

- Əvvəla, mən hər iki siyasətçinin həbsini qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, bunlar əsassız və siyasi sifarişli həbslərdir. Tofiq Yaqublunu da, İlqar Məmmədovu da yaxşı tanıyıram. Onların hər ikisi sülhsevər adamlardır. Mən onların heç birindən nə vaxtsa, hansısa formada iğtişaş törətmək barədə heç nə eşitməmişəm. Məsələ ondadır ki, Tofiq Yaqublu və İlqar Məmmədov İsmayıllıya iğtişaşlar qurtarandan sonra gediblər. Azərbaycan vətəndaşı kimi vəziyyəti öyrənmək üçün onların İsmayıllıya getməyə tam hüquqları var.

Belə siyasi həbslərə reaksiyanın olub-olmayacağına gəlincə, təbii ki, olacaq. Ancaq əsas sual odur ki, hansısa sanksiya olacaqmı? Biz müxtəlif bəyanatlar eşidəcəyik, vəziyyətdən narahat olduqlarını deyəcəklər. Əlbəttə, bunların hamısı həbs olunan insanların taleyinə təsir edəcək. Lakin Azərbaycandakı diktatura rejiminə sanksiya tətbiq olunmayacaq. Mən bunun əlamətlərini görmürəm. Çünki Qərbin vəziyyəti yaxşı deyil, iqtisadi böhran, Əfqanıstanda müharibə davam edir. İran problemi həll olunmayıb. Azərbaycan, ölkənin aeroportları bunlara lazımdır. Ona görə də Azərbaycandakı diktatura rejimini pisikdirmək, küncə sıxmaq kimi bir niyyət, plan yoxdur.

- Həbslər narazılıqların açıq formada bildirilməsinin, etirazların qarşısını ala bilərmi?

- Hakimiyyət belə həbslərlə heç nəyə nail olmayacaq. Hamı bilməlidir ki, artıq etirazlar qeyri-rasional şəkildə baş verir. Bu vəziyyətə gətirilmiş insan tutulub-tutulmayacağına baxmır, nə baş verəcəyi onun üçün əhəmiyyət kəsb etmir. Bıçaq sümüyə dirənəndə insan başqa cür düşünür. Əslində isə heç düşünmür. Bunun nəticəsində də partlayış baş verir. İndi Azərbaycanda belə bir vəziyyətdir. Ona görə də heç kim "mənim qonşumu tutublar, mən danışmayım" formasında düşünmür. Əgər vəziyyəti partlayış səviyyəsinə gətirəcəksənsə, mütləq partlayacaq.

- Sizcə, son hadisələrdə, narazılıqların açıq formada bildirilməsində prezident seçkisinin yaxınlaşması da rol oynayırmı?

- Prezident seçkisi də burada rol oynayıb. Amma çox az formada. Əsas səbəb problemlərin həll olunmaması, bunun nəticəsində də vəziyyətin ağırlaşmasıdır. Amma bu il prezident seçkisi olmasa belə, sosial partlayışlar olacaqdı.

AzNews.az