Antisanitar şəraitdə saxlanılan və satılan kolbasa məmulatları aşkar edildi - Foto

5 May 2017 18:56 (UTC+04:00)

AzNews.az DBNX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, 5 may 2017-ci il tarixində alınmış məlumat əsasında Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilmişdir. Baxış zamanı 20 kvadrat metr sahəsi olan, havalandırma və soyuducu sistemi olmayan qarajda soyuducusuz, qeyri-qanuni, antisanitar şəraitdə ümumi çəkisi 100 kq olan kolbasa məmulatlarının saxlanıldığı və satıldığı aşkar olunmuşdur. İlkin araşdırma zamanı qarajda “Payim” firmasının istehsal etdiyi saxlanma müddəti bitmiş, kiflənmiş və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və yarım hisə verilmiş ”Xlbmaya” kolbasa məmulatlarının olması müəyyən edilmişdir.

Aşkar edilmiş kolbasa məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Obyektin qapısı komissiyanın iştirakı ilə bağlanaraq, möhürlənmiş və sahə polis müvəkkilinə təhvil verilmişdir.

Kolbasa məhsullarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbir görüləcəkdir.