“Müxtəlif mədəniyyətlərin bir olması uca yaradanın istəyidir”- Şeyxülislam

6 May 2017 10:44 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda keçirilən panel iclasında deyib.

O bildirib ki, Azərbaycan milli və bəşəri dəyərlərə hörmət edən məkandır: “Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətə çevrilib. Dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tuğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Prezident İlham Əliyev qətiyyətli siyasi iradəsi sayəsində dünya miqyasında multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğlə yanaşı ümumbəşəri dəyərlərə diqqət və himayəsi Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoq istiqamətində söz sahibinə çevrilməsinə ali xidmətdir. Bizim xalqımız, dövlətimiz bu uğurlara ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməli üzərində nail olur. Heydər Əliyev ümummilli lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayriseçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas etdi. Dahi şəxsiyyət olaraq mədəni-mənəvi dəyərlərin xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini gözəl dərk edən ulu öndər dövlət quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi kimi ümdə məsələlərlə yanaşı, milli-mənəvi həyatın inkişafına, Azərbaycan cəmiyyəti daxilində milli, dini, məzhəblərarası harmoniya məsələlərinə hər zaman xüsusi diqqət yetirirdi”.