Gəncədə "IV İslam Həmrəyliyi Oyunları"nın simvolu canlandırıldı - Flashmob

6 May 2017 11:20 (UTC+04:00)

Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub.

AzNews.az "AZƏRTAC"a istinadən xəbər verir ki, 6 min gəncin iştirakı ilə keçirilən aksiyada IV İslam Həmrəyliyi Oyunlarının simvolu canlandırılıb.

Şəhərin ali və orta ixtisas məktəblərinin tələbələri, eləcə də müxtəlif idarə, təşkilat və müəssisələrdə çalışan gənclər şəhərin Heydər Əliyev adına mərkəzi meydanına toplaşaraq, bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar. Bununla da gənclər sülh və həmrəylik çağırışları ətrafında birləşdiklərini dünyaya nümayiş etdiriblər.

Nümayiş olunan canlı loqo Gəncə Dövlət Universitetinin dördüncü kurs tələbəsi Mobil Qarayev tərəfindən hazırlanıb. Xatırladaq ki, onun layihəsi əsasında 2015-ci ildə eyni məkanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə dahi rəhbərin portreti və 10 mindən çox gənc tərəfindən “Bakı-2015” birinci Avropa Oyunlarının loqosu canlandırılmışdı. Ötən il isə “Gəncə - 2016 Avropa Gənclər Paytaxı”nın loqosu nümayiş etdirilmişdi.

AzNews.az