Mədəniyyət və turizm nazirləri görüşdü

6 May 2017 14:25 (UTC+04:00)

APA-nın məlumatına görə, Türkiyə, Rusiya, İraq və digər ölkələrdən 40-dək nazir və nazir müavini, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, görüş Azərbaycan rəhbərliyinin səyləri nəticəsində reallaşan humanitar layihələr barədə məlumatların verilməsi baxımından yaxşı fürsətdir. Onun sözlərinə görə, beynəlxalq qurumlar arasında əməkdaşlıq daha təhlükəsiz dünya yarada bilər.

BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasserin qənaətinə görə, bu forum xalqlar və dövlətlər arasında dialoqun gücləndirilməsində, zorakı ekstremizm probleminin innovativ təşəbbüslər vasitəsilə həllində, insanların təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır: "Bu, təhlükəsizlik və sülh üçün yeganə yoldur. Hazırda dünyada sülhə çağırışlar var. Sülh və dialoq bir-birinə bağlıdır. Münaqişələrin həlli uzun perspektivli inkişaf üçün vacibdir".

O qeyd edib ki, bu işdə gənclərin yaxından iştirakı vacibdir. 2030-cu ilədək Dayanıqlı inkişafla bağlı gündəliyin qəbulunu tarixi hadisə adlandıran Əl-Nasser bunun yenidən qurulmuş tərəfdaşlıqla əldə oluna biləcəyini vurğulayıb. O nəzərə çatdırıb ki, münaqişə olan yerlərdə təhsil, qadın və gənc qızların inklüziv inkişafı vacibdir.

Sülhə nail olmaq üçün hərtərəfli işin aparılmalı olduğunu deyən ali nümayəndə BMT tərəfindən qəbul edilən 17 dayanıqlı inkişaf məqsədinin mədəni dialoqa bağlı olduğunu vurğulayıb. O, ötən il qəbul edilən Bakı bəyannaməsinin zorakı ekstremizmin qarşısını almağa kömək edəcəyinə ümidvar olduğunu söyləyib.

UNESCO baş direktoru İrina Bokova isə qeyd edib ki, çoxtərəfliliyin alternativi yoxdur. Dayanıqlı inkişaf yolunda mədəniyyət və din adamlarının bir araya gəlməsinin vacib olduğunu deyən baş direktor artıq siyasi liderlərin “yumşaq güc”ə müraciət etməyə başladığı söyləyib: "Biz qloballaşan dünyada yaşayırıq. Siyasi liderlər bunu anlamağa başlayırlar. BMT baş katibi dəfələrlə vurğulayıb ki, sülhməramlıların göndərilməsi ilə yanaşı münaqişənin səbəbləri aradan qaldırılmalıdır. Gənclər işlə təmin olunmalı ,onlara təhsil verilməlidir".

Mədəniyyət sahəsinin dünyada 30 mln. iş yeri yarada biləcəyini deyən İ. Bokova qeyd edib ki, bu kimi forumlarda iştirak edənlər inkişafı üzərlərinə böyük öhdəlik kimi götürüb.

BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai isə bildirib ki, turizm mədəniyyət irsinin paylayıcısıdır. Hər il 1,8 milyard insanın dünya səyahətinə çıxdığını deyən baş katib turizmin gəlir sahəsi kimi sayca üçüncü yer tutduğunu bildirib. Bu sahənin payına ətraf mühitə atılan zəhərli qazların cəmi 5 faizinin düşdüyünü deyən T.Rifai turizmin dünya iqtisadiyyatının 10 faizini təşkil etdiyini vurğulayıb.

"Turizm mədəni irsin qorunmasında böyük rol oynaya bilər. Yaxşı idarəçilik olsa, turizm sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verə bilər. Mədəniyyət siyasətinin və turizmin inteqrasiyasına nail olunmalıdır, özəl və dövlət sektoru arasında əməkdaşlıq təmin edilməlidir. Buradakı müzakirələr fəaliyyət planı və hərəkətlərimizdə əks olunmalıdır", - deyə o vurğulayıb.

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı isə nazirlərin görüşlərində mədəniyyətlərarası dialoqdan istifadə edilməsinin vacibliyini vurğulayıb. Onun qənaətinə görə, mədəniyyət və turizmin qarşılıqlı əlaqələri ölkələr arasında ünsiyyəti asanlaşdıracaq və ekstremizmə qarşı mübarizəni gücləndirəcək.

"Türkdilli dövlətlərin şurası İpək Yoluna diqqəti cəlb etməyə çalışır. Bu ərazidə olan mədəni irs nümunələri qorunmalıdır. Türkiyə UNESCO-nun siyahısında 16 dünya mədəniyyət irsi nümunəsi ilə təmsil olunur. Mədəniyyət nümunələrin oğurlanması və qaçaqmalçılığın qarşısını almaq istiqamətində səyləri birləşdirmək lazımdır. Türkiyədə 43 dini turizm istiqaməti var. Təkcə iqtisadi əlaqələr kifayət eləmir. Yoxsulluq səviyyəsinin azaldılması, təbii sərvətlərdən səmərəli istifadə çox vacibdir və bu işdə mədəniyyət aparıcı rol oynamalıdır", - deyə o vurğulayıb.

Rusiya mədəniyyət naziri Vladimir Medinski isə tədbir iştirakçıları üçün ölkəsinin bir neçə mədəni abidəsinin təqdimatını keçirib. Nazirin sözlərinə görə, ancaq birgə səylər nəticəsində terrorçular tərəfindən dağıdılmış Suriyanın Palmira şəhərini bərpa etmək mümkündür.

İraqın mədəniyyət və turizm naziri Friad Rvandzi isə çıxışı zamanı terrorçuların ölkədəki mədəni abidələrə vurduğu ziyandan danışıb: "15 minədək artefakt İraqdan çıxarılıb. 254 əlyazma Mosulda yandırılıb. Əfsus ki, bir sıra ölkələr terrorçuluğa dəstək verir".

Azərbaycanın Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu isə mədəniyyətlərarası dialoqun bəşəriyyətin tarixini anlamağa xidmət etdiyini deyib. Onun sözlərinə görə, bu gün dünyada təhsil, elm və mədəniyyət sahələrində böhran müşahidə olunur: “Çıxış yolu ənənəvi siyasətlə yanaşı mədəniyyətlərarası dialoq vasitəsi ilə regional və qlobal səviyyədə ünsiyyət yaratmaqdır. Azərbaycan davamlı inkişafın tərəfdarı ola bir ölkədir".

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.

AzNews.az