Nəqliyyat Nazirliyinin müfəttişi sərnişini döydü

7 Fevral 2013 10:55 (UTC+04:00)
Dünən "Koroğlu" metrostansiyasının yaxınlığında olan avtobus dayanacağında gərgin anlar yaşanıb. Nəqliyyat Nazirliyinin müfəttişi ilə sərnişin (həmin sərnişinin təxminən 18-20 yaşı olardı-red) arasında əlbəyaxa dava düşüb. Hadisəni AzNews.az-ın əməkdaşı müşahidə edib.

Davaya səbəb müfəttişin avtobusun qapısı ağzında olan sərnişini Zabrat qəsəbəsinə hərəkət etməkdə olan 148 saylı avtobusdan kobud surətdə zorla endirməsi olub. Bu zaman müfəttiş və sərnişin arasında mübahisə yaranıb.

Qeyd edək ki, hər gün saat 17:30-dan, saat 20:30-dək dayanacaqlarda sərnişinlər çoxluq təşkil edir ki, bu da avtobuslarda hədsiz sıxlıqla nəticələnir. Həmçinin, bu cür hallar gün ərzində baş verir və sonda münaqişəylə nəticələnir.

Fuad Mədətov
AzNews.az