Almaniyanın ən kiçik seçki məntəqəsi - Xalliq Gröde

6 May 2017 19:39 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Şlezviq-Qolşteyn Almaniyanın ən şimal federal əyalətidir. O, Almaniya-Danimarka sərhədində Baltik və Şimal dənizlərinin sahilləri arasında yerləşir. Zült adası turistlər arasında çox populyardır. Bu ada məşhurların və varlıların sevimli istirahət yeridir. Amma bu o demək deyildir ki, qalan insanlar bura gələ bilmir.

Bu federal əyalətdə təqribən 2,8 milyon adam yaşayır. Almaniyanın “dpa” agentliyi yerli landtaqa seçkilər ərəfəsində Şimal dənizi akvatoriyasındakı dayaz Vatt dənizində yerləşən kiçik adanın - sahəsi 2,5 kvadratkilometr olan xalliq Qrödenin şəklini dərc edib. Burada Almaniyanın ən kiçik seçki məntəqəsi yerləşir. Onun siyahısında cəmi 9 adamın adı var.

Zült də Vatt dənizində yerləşir. Bioloji müxtəlifliyinə görə dünyanın ən zəngin ekoloji sistemlərindən biri sayılır. 2009-cu ildə Vatt dənizi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu yerlərin ən maraqlı vaxtı çəkilmələr dövrüdür. Onda dənizin lilli dibi ilə arabada və ya piyada gəzmək olar.

Bu federal əyalətin Baltik dənizi sahillərində yerləşən ərazisi Şimal dənizi sahillərindəki hissəsindən daha yumşaq iqlimi ilə seçilir. Qolşteynin Femarn adası sahəsinə görə Rüqen və Uzedondan sonra Almaniyanın üçüncü adasıdır. Burada 20-dək qumlu çimərlik var. Statistikaya görə, Femarn ölkənin ən günəşli regionlarından (ildə 2200 saat) biridir. Yeri gəlmişkən, ada tutqun havada da gözəl görünür.

Şlezviq-Qolşteynin paytaxtı Kil şəhəridir, amma Lübeki cəsarətlə onun turizm paytaxtı adlandırmaq olar. Orta əsrlərdə Hanza İttifaqının ən mühüm şəhəri sayılan Lübek UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. XV əsrdə, gec qotika üslubunda ucaldılmış Qolşteyn darvazaları Lübek arxitekturasının əsas rəmzlərindən biridir.

Paytaxt Kil liman şəhəridir. Ənənəvi “Kil həftəsi” zamanı şəhər çoxlu qonaq qəbul edir. Bu beynəlxalq qayıq yarışı yelkənli qayıq idmanı dünyasında mühüm hadisə və yay mövsümünə təsadüf edən böyük xalq bayramıdır. Qayıq yarışında təqribən 100 gəmi iştirak edir. Bayrama 3 milyona qədər adam qatılır.

Almaniyanın şimalında, iki dəniz arasında yerləşən bu əyalət öz gölləri ilə də məşhurdur. Təkcə “Qolşteyn İsveçrəsi” adlanan göllərlə əhatə olunmuş ovalıqda 200-dən çox belə göl var. Buranın dərə-təpəli landşaftını buzlaqlar formalaşdırıb. Göllər balıqla zəngindir. Meşələr çoxsaylı heyvanların və quşların oylağıdır.

Baltik dənizinin fiorda bənzəyən dar və uzun buxtası Şley bu əyalətin daha bir görməli məkanıdır. Buxta Şlezviq-Qolşteynin şərq sahilinin içərisinə 40 kilometrdən çox girir. Şley təqribən 115 min il əvvəl buzlaqlar dövründə əmələ gəlib. Ən gözəl təbii landşaftlardan biri təbiətin qoynunda fəal istirahət etmək üçün çox geniş imkanlar açır.