Nemət Pənahlı Qobustan həbsxanasına köçürülür

7 Fevral 2013 11:59 (UTC+04:00)
Məhbus siyasətçi Nemət Pənahlı 17 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülə bilər. Məlumatı "Media forum" saytına Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı verib.

Həcər Pənahlı bildirib ki, müəssisənin rəisi Nemətdən Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi verib: "Fevralın 8-i həbsxanada proses keçiriləcək. Neməti "intizamı pozur" adı ilə Qobustan qapalı həbsxanasına göndərirlər".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov "Media forum"a açıqlamasında deyib ki, məhkumun bir müəssisədən digər müəssisəyə köçürülməsi barədə hər hansı bir məlumat verməyə ixtiyarı yoxdur: "Qanun bunu bizə qadağan edir".

Cəzaların İcrası Məcəlləsinin 70-ci maddəsinə görə, cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həyata keçirilir.

AzNews.az