Satışa çıxarılan restoranın qiyməti - 205 min manat

8 May 2017 14:53 (UTC+04:00)

Komitədən AzNews.az-a daxil olan xəbərə görə, hərraca ümumilikdə 183 əmlak çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyəti, 63-ü kiçik dövlət müəssisə və obyekti, 95-i istifadəsiz qeyri-yaşayış sahəsi, 4 isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri Sabirabad, Zaqatala, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Salya Tərtər, Daşkəsən və digər rayonlada yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 69 min manatla 851 min manat arasında dəyişir.

Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 127 min 552 manata təklif olunur.

Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi isə 125 min 992 manata iştirakçılara təklif edilir.

Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak Bakının Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaqdır. Adıçəkilən əmlak 216 min manata təklif edilir. Torpaq sahəsi 6047 kv.m, ümumi faydalı sahəsi isə 39 kv.m təşkil edir. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Qusar Kərpic sexi 210 min manata, Sumqayıtdakı “Laçın” restoranı 205 min manat olmaqla qiyməti ilə seçilənlər sırasındadır.