MTN generallarının məhkəməsi oldu, zərərçəkmişlər ifadə verdi

10 May 2017 18:09 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, S. Qurbanovun vəkili İlkin Mustafa bildirib ki, prosesdə zərərçəkmiş şəxs qismində Sabir Fərzəliyev ifadə verib. Avtomobil avadanlıqlarının satışı ilə məşğul olduğunu deyən S. Fərzəliyev şikayət və tələbinin olmadığını bildirib. S. Fərzəliyev deyib ki, istintaq dövründə onu çağırıb şahid kimi ifadə verməsini istəyiblər. O, məhkəmə prosesində zərərçəkmiş kimi tanındığını öyrəndiyini, istintaq zamanı verdiyi ifadələrin bəzilərini təsdiq etmədiyini söyləyib.

Prosesdə zərərçəkmiş şəxslərdən Fuad Hüseynov da ifadə verib. Bildirib ki, ondan pul tələb edən şəxslər başqa adamlar olub və təqsirləndirilən şəxsləri tanımır. İclasda şahid qismində ifadə verən keçmiş MTN, indiki DTX əməkdaşı Zaur Axundov isə deyib ki, F. Hüseynovun ətrafında əməliyyat tədbiri keçirilməsini o hazırlayıb. Qeyd edib ki, aparılan araşdırma nəticəsində onun cinayət əməli olmadığı üçün iş dayandırılıb. İclasda çıxış edən dövlət ittihamçısı isə deyib ki, F. Hüseynovdan pul tələb edən şəxslərin cinayət işi ayrıca araşdırılır.

Proses mayın 11-də davam edəcək.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.