Avropa Birliyi vizasız rejimi qəbul etdi- Ukrayna vətəndaşları üçün

11 May 2017 14:03 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyi Şurasının mətbuat bəyannaməsində qeyd olunur ki, hazırda Avropa Birliyinin bu qərarını Avropa Parlamentinin üzvü Antonio Tayani və Maltanın Avropa Birliyindəki təmsilçisi baş nazir Cozef Muskat imzalamalıdır. Daha sonra onu Avropa Birliyinin rəsmi saytı dərc etməlidir. Qanun layihəsi dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək.

Ukraynanın baş naziri Vladimir Qroysman bildirib ki, ukraynalılar iyun ayından etibarən Avropaya vizasız gedib-gələ biləcəklər. O, Ukraynaya vizasız rejimin təqdim olunmasını bu ölkə üçün “Berlin divarları”nın yıxılması hesab edib.

Rusiyanın xarici işlər nazirliyində isə, Brüsselin qərarını Ukrayna üçün "əlçatmaz məqsəd" adlandırıblar. Rusiya Xarici İşlər Nazirinin müavini Aleksey Meşkov bildirib ki, rəsmi Moskva Avropa Birliyi ilə viza məsələlərinə dair təktərəfli danışıqlara getməyə hazır deyil.

Ukrayna üçün vizasız rejim Ukrayna vətəndaşlarının 90 gün ərzində Şengen zonasında sərbəst hərəkətinə imkan verəcək. Lakin bu ukraynalıların eyni zamanda iş icazəsi alması demək deyil. Viza ukraynalılar üçün turizm, biznes, mədəniyyət tədbirlərində iştirak etmək, yaxın qohumları ziyarət etmək imkanları deməkdir.

Bəxtiyar Abbasov

AzNews.az