Bakıda sarı zalağa daxil olan 900-dək sürücü cərimələnib

11 May 2017 18:14 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına nəzarət davam etdirilir:

“Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 867 nəfər inzibati məsuliyyətə cəlb edilib”.

V. Əsədov sabahdan həmin zolaqlarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq sürücülərə müraciət edib: “Sabahdan yarışlara qatılacaq idmançıları daşıyan nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi artacaq. Buna görə də sürücülərdən diqqətli olmaları, yarışlar üçün nəzərdə tutulmuş zolaqlara daxil olmamaları xahiş edilir. Həmin zolaqlardan istifadə hüququ olmayan şəxslərin inzibati qaydada məsuliyyətə cəlb ediləcəklərini bir daha nəzərinizə çatdırıram”.

Qeyd edək ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.