Müəllimlərə şad xəbər- Maaşlar artırıldı

12 May 2017 15:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Nazirlər Kabineti qərar verib. Dəyişikliyə görə, bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələri üçün tədris məşğələləri aparan professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 4,85 manat (hazırda 4,40 manat), dosent, fəlsəfə doktoru üçün 3,20 manat ( hazırda 2,90 manat), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,50 (hazırda 2,25 manat) müəyyənləşdirilib.

Xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri olan tədris məşğlələrini aparan professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 5,75 (hazırda 5,20 manat), dosent, fəlsəfə doktoru üçün 4,15 (hazırda 3,75 manat), elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 (hazırda 2,55 manat ) müəyyən edilib.

Aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə dərs deyən professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 6,95 (hazırda 6,30manat), dosent, fəlsəfə doktoru üçün 4,85 ( hazırda 4,40 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,20 (hazırda 2,90 manat) olacaq.

Əməyin saat hesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saat hesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyən olunur. Əməyin saat hesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunur.