“MTN əməkdaşları silahı başıma dirədi”- Şahid

12 May 2017 15:16 (UTC+04:00)

APA-nın məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin qardaşı Əziz Əzizov şahid qismində ifadə verib. O, bildirib 2012-ci ilin aprel ayının əvvəllərində qardaşının həyat yoldaşı Təranə ona zəng edərək, qardaşı Vidadinin həbs edildiyini deyib. Şahid bildirib ki, Vidadi Əzizov həmin gün evə qayıdıb və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, onun bankdan götürdüyü pulun 670 min manatını aldıqlarını, sonradan 300 min manatını geri qaytardıqlarını söyləyib: “Bir neçə gün sonra qardaşım dedi ki, ondan əl çəkmirlər və yüz min manat da tələb edirlər. Biz də 40 min manat düzəldib verdik”.

İclasda M. Əsgərovla zərərçəkmiş tərəf arasında mübahisə baş verib. Hakim ona səbirli olmağı məsləhət bilib. Bu zaman Mirəziz Əsgərov artıq dözə bilmədiyini deyib. O, bildirib ki, şər-böhtanla həbs edilib.

Şahid qismində ifadə verən Vidadi Əzizovun həyat yoldaşı Təranə Əhmədova bildirib ki, həyat yoldaşı ilə banka gedib pul götürüblər. Maşına əyləşmək istəyəndə maskalı şəxslər onlara hücum edib: “Onlardan biri silahı başıma dirədi, susmağımı tələb etdi. Silahı başıma dirəyən şəxsi heç vaxt bağışlamayacağam. Onlar əlimdə olan telefonu da aldılar. Sonra onlar Vidadini apardılar”.

Şahidin ifadəsinə arayış verən Mirəziz Əsgərov bildirib ki, rəsmi qaydada Vidadi Əzizov üç gün əvvəldən izlənilib: “Bu şəxslərin xaricdən gələn pullardan xəbəri olub. Evdə də bunun söhbəti olub. Vidadi hələ qızına söz verib ki, pul xaricdən gələndən sonra ona “Porsche” avtomobil alacaq. Evdə maşının nə rəngdə alacaqları ilə bağlı sözləri də olub. Bütün bunlar dinləmə və izləmə sənədləri ilə tərtib edilib. Mən həmin sənədlərin məhkəməyə gətirilməsini istədim. Çünki orada hər şey aydın olacaq. Bu ailənin hara getməsi, kimlərlə görüşməsi foto-video çəkilişlərlə sübut olunur”.

Proses mayın 17-də davam edəcək.