IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimindən ilk görüntülər (Foto)

12 May 2017 21:51 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu gün stadion ən müasir proyeksiya sistemi ilə təchiz olunmuş böyük səhnəyə çevrilib. Nəhəng səhnənin quraşdırılması altı həftəyə başa gəlib. Açılış mərasiminin hazırlanmasında 31 ölkədən 5 minədək insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu iştirak edib.

Hündürlüyü 28 metr olan iki minarə diqqəti ilk baxışda cəlb edir. Minarələrin üzərində İslam incəsənətinə xas həndəsi elementlərdən istifadə edilməklə, mərkəzdəki altıbucaqlını bir-biri ilə bağlayan dairələr əks olunub.

Eni 85 metr, hündürlüyü 35 metr olan böyük ekranda real animasiyalardan tutmuş böyük maraq doğuran kinokadrlara qədər bir neçə ay ərzində tərtib edilmiş məzmunca zəngin videoçarxlar nümayiş etdirilir.

Mərasim 2200 Azərbaycan könüllüsü tərəfindən canlandırılacaq. Səhnədə 40-dan çox at, dəvə və ulaq onlara qoşulacaq. Musiqi tərtibatı da olduqca orijinaldır. Belə ki, 100-dən çox dünya şöhrətli musiqiçi tərəfindən görkəmli Azərbaycan bəstəkarlarının, o cümlədən əfsanəvi Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Qara Qarayevin əsərlərdən fraqmentlər səsləndiriləcək. Tamaşaçılar, eyni zamanda, səhnədə muğam ustası Alim Qasımovu və virtuoz nağaraçı Natiq Şirinovu görə biləcəklər.