Birinci vitse-prezident Mehriban Əliyeva: “Gücümüz həmrəylikdədir!”

12 May 2017 23:52 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olundu.

Oyunlara ev sahibliyi etməyin Azərbaycan üçün böyük şərəf olduğunu deyən Mehriban Əliyeva dörd qitədən gəlmiş minlərlə idmançını və paytaxtımızın qonaqlarını ingilis və Azərbaycan dillərində salamlaydı. O, IV Oyunların keçirilməsini Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlıq edərək dedi:

“Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir. İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur”. Ölkəmizin multikultural tarixinin açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsi olduğunu vurğulayan Mehriban Əliyeva qeyd edir ki, Azərbaycan İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərləri ilə bölüşməkdən fərəh duyur. Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi ilhamlandıracaq.

“Mən gözəl gənc könüllülərimizin hamısını salamlayıram. Biz sizinlə fəxr edirik. Sizin fədakarlığınız və vurğunluğunuz, xeyirxahlığınız və qətiyyətiniz bu Oyunları mümkün etdi. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.

İslam aləminin idmançıları, sizi burada qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayır. Bu, sizin Oyunlarınızdır. Gələn on gün ərzində ölkəmiz sizin eviniz olacaq. Bu axşam mən ölkəmizin bütün nailiyyətlərinə görə qarşınızda fərəh hissi ilə çıxış edirəm”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva çıxışını bu sözlərlə tamamlayır: “Gücümüz həmrəylikdədir! - Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək”.