Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv etdi

15 May 2017 20:05 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.

ÜAK-ın prezidenti Fazil Qurbanov qərarı ədalətsiz adlandırıb. O, apellyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyi “İctimai təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.