"Bu addım qanunvericilik tələblərinin pozulması deməkdir"- Vüqar Bayramov

16 May 2017 11:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun fikrincə, banklar bunu “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulan nağdsız hesablaşmalara tətbiq edilən limitlər ilə əlaqələndirib:

Əslində, bu addım qanunvericilik tələblərinin pozulması deməkdir. Çünki qanunvericilik nağdsız hesablaşmaları qadağan etmir, məhdudlaşdırır. Məhdulaşdırma isə heç də qadağanın tətbiq edilməsi anlamına gəlmir və gəlməməlidir.

Vüqar Bayramov hesab edib ki, mövcud infrastruktur sadələşdirilmiş vergi subyektləri üçün 15, əlavə dəyər vergisi ödəyiciləri üçün müəyyənləşdirilmiş 30 min manatlıq limitlərin tətbiqinə tam hazır deyil:

Kartlardan nağdılaşdırmaya tətbiq edilən qadağa da məhz bununla bağlıdır. Hər zaman nağdsız ödənişlərin genişləndirilməsini dəstəkləmişəm. Amma bu tip islahatlar biznesin inkişafına maneə olmadan mərhələli şəkildə həyata keçirilməlidir. Kartlardan vəsaitlərin nağdlaşdırılmasının qadağan edilməsi xüsusən də regionlarda nümayəndəliyi olan şirkət və təşkilatlar üçün çətinliklər yaradacaq. Bu əslində şirkətlərə plastik kartlar, yəni nağdsız şəkildə öz tərəfdaşlarına və nümayəndəliklərinə ödəniş imkanı verirdi. Bu baxımdan, qanunvericiliyin mövcud tələblərinə əsasən kartlardan pul çıxarılmasının qadağan edilməsi deyil, limitlər daxilində məhdudlaşdırılmasına ehtiyac var.

Bahar RÜSTƏMLİ

AzNews.az