AŞPA həmməruzəçilərindən son həbslərə etiraz

8 Fevral 2013 10:22 (UTC+04:00)




AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono dinc aksiya iştirakçılarının saxlanması və onlara hökm oxunmasından, müxalifətdə olan siyasətçilərin həbsindən narahatlıqlarını ifadə ediblər.

APA-nın məlumatına görə, bu barədə həmməruzəçilərin bəyanatında bildirilib. Həmməruzəçilər qeyd ediblər ki, onlara yanvarın 26-da Bakıda, daha sonra isə İsmayıllıda keçirilən aksiyalarda 80-ə yaxın nümayişçinin saxlandığını barədə məlumat daxil olub.

"Azərbaycan hakimiyyətini aksiyalarda saxlanan şəxslərin və fəalların işlərinə yenidən baxmağa çağırırıq", - deyə həmməruzəçilər bildiriblər.

Həmməruzəçilər İlqar Məmmədov və Tofiq Yaqublunun da həbsindən narahatlıq keçirdiklərini bildiriblər: "Azərbaycan hakimiyyətini bu müxalif siyasətçilərin azadlığa buraxılması üçün bütün mümkün hüquqi vasitələrdən istifadə etməyə çağırırıq".

AzNews.az