AFFA şübhəli oyunları araşdıracaq

8 Fevral 2013 11:34 (UTC+04:00)
Topaz Premyer Liqasında şübhəli oyunları araşdıracaq.
Apasport.az saytı xəbər verir ki, son zamanlar assosiasiyaya daxil olan məlumatlara əsasən çempionatın növbəti turlarında keçiriləcək bəzi görüşlərin "danışılmış oyunlar" kateqoriyasına daxil olması və eyni zamanda, oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsində bəzi futbolçuların iştirakı ehtimal olunur.


Həmin məlumatları nəzərə alan AFFA qarşıdakı oyunları diqqətlə izləmək üçün Apellyasiya və Ekspert Komitəsinin nəzdində futbol mütəxəssislərindən ibarət xüsusi qrup yaradıb. Bu qrup həmin oyunları diqqətlə izləyərək, AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə hesabat təqdim edəcək. Qrup üzvlərinin hesabatı əsasında oyunların nəticələrinin şübhəli olub-olmamağı faktı müəyyənləşdiriləcək. UEFA-nın tələblərinə əsasən qrupun fəaliyyəti gizli xarakter daşıyır.

Qitə futbol qurumu 2011-ci il mayın 27-də göndərdiyi sirkulyar məktubuna əsasən Avropa miqyasında üzv Assosiasiyalarda danışılmış oyunlara qarşı mübarizə aparmaq üçün nümayəndələrdən ibarət şəbəkə yaradıb. Onun yaradılmasının əsas məqsədi danışılmış oyunların qarşısının alınmasıdır. UEFA 2012-ci ildən etibarən danışılmış oyunlarla bağlı mübarizə işinə nəzarəti gücləndirmiş və üzv olan 53 Assosiasiyada nəticəsi şübhə doğuran oyunları yoxlamağa başlayıb. Bu layihə çərçivəsində AFFA müxtəlif mənbələrdən daxil olan məlumatlara uyğun olaraq şübhəli oyunların araşdırılmasını həyata keçirir və bununla bağlı UEFA ilə məlumat mübadiləsi aparır.

AzNews.az