Güləşçilərə medalları Birinci vitse-prezident Mehriban Əliyeva təqdim etdi - Foto

19 May 2017 19:35 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Mahir Əmiraslanov gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Jandos İsmailova 5:4 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Nəbi Uzun və Özbəkistan idmançısı Nodircon Safarov layiq görülüblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.