Türk idmançıya uduzan erməni idman sarayının qapısının şüşələrini sındırıb - Foto

20 May 2017 00:00 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, erməni idmançı Türkiyədən olan gənc qız Aysel Almaçıya məğlub olduqdan sonra qalmaqal yaradıb. Məğlubiyyəti ilə barışmayan qadın idman sarayının qapılarının şüşələrini sındırıb. Bu da idman sarayının rəhbərliyinin kəskin etirazına səbəb olub. Erməni məşqçi idmançının bu hərəkətinə görə üzr istəyib və yetirməsini təhqir edərək hadisə yerindən uzaqlaşdırıb.

Aysel Almaçı jurnalistlərə müsahibəsində deyib: “Ermənistandan olan rəqibimlə görüşdən əvvəl çox həyəcanlı idim. Tatami üzərinə çıxanda türk və azərbaycanlı qardaşlarımın təbriklərini və qələbəyə səsləyən çağırışlarını eşitdim. Bu məni daha da ruhlandırdı və döyüşdə dönüş yaratmağa nail oldum. O məndən canlı olsa da qalib gəldim. Mənə göstərdikləri dəstəyə görə bütün azarkeşlərimə minnətdaram”.

A.Almaçı erməni idmançının bu davranışını utandırıcı, idmançıya yaraşmayan, heç bir etikaya sığmayan hərəkət adlandırıb.

Qeyd edək ki, erməni idmançının qeyri-etik davranışı, Belarus, Rusiya, Ukrayna və digər ölkələrdən olan idmançıların və məşqçilərin də narazılığına səbəb olub. Onlar idmançıdan üzr istəməyi tələb ediblər.