“Azərbaycanda özümüzü evimizdə olduğu kimi hiss etdik”

20 May 2017 22:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikirləri Türkiyə voleybol yığmasının oyunçusu Adis Laqumcia AZƏRTAC-a müsahibəsində söyləyib.

“İran yığması güclü komandadır və bu gün yaxşı oynadı. Bizim səhvlərimiz oldu və onlar bundan istifadə etdilər. Lakin biz Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına gəlməyimizə şadıq və bu cür komandalarla qüvvəmizi sınadıq”, - deyə Adis Laqumcia bildirib.

Azarkeşlərin böyük dəstəyini qeyd edən voleybolçu vurğulayıb ki, bu, onlarda özlərinə inam yaratdı. “Biz azarkeşlərin zalda “Türkiyə, Türkiyə” söylədiklərini eşidirdik və bu dəstəkdən çox şad olduq. Bu gün bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. Onların sayəsində biz özümüzü evimizdə olduğu kimi hiss etdik. Yarışların yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm”, - deyə türkiyəli voleybolçu əlavə edib.

Artıq dörd ildir Türkiyə yığmasında oynayan Adis Laqumcia deyib ki, komanda İslamiadadan sonra Dünya Çempionatına və digər beynəlxalq turnirlərə hazırlaşacaq.