Partiyalara ayrılan pulların dəqiq məbləği açıqlandı - SİYAHI

8 Fevral 2013 17:17 (UTC+04:00)
Azərbaycanın dövlət büdcəsindən siyasi partiyaların maliyyələşməsi üçün ayrılan vəsaitin bölüşdürülməsinə start verildi. Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, "Siyasi partiyalar haqqında" Qanunun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Həmin qanunun tətbiq edilməsi barədə ölkə Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, siyasi partiyalara dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsü onların müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

Göstərilənləri əsas götürülməklə, 2013-cü il dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan maliyyə yardımı aşağıdakı məbləğlərdə aidiyyəti siyasi partiyalar arasında bölüşdürülüb.

1 Yeni Azərbaycan Partiyası -1145125,89

2 Vətəndaş Həmrəyliyi Partiyası -136089,81

3 Ana Vətən Partiyası -121029,57

4 Sosial Rifah Partiyası -105969,33

5 Azərbaycan Demokratik İslahatlar Partiyası -105969,33

6 Azərbaycan Ümid Partiyası -105969,33

7 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 105969,42

8 Vətəndaş Birliyi Partiyası -105969,33

9 Böyük Quruluş Partiyası -105969,33

10 Milli Dirçəliş Hərəkatı Partiyası -105969,33

11 Ədalət Partiyası -105969,33

Dövlət büdcəsindən ayrılan vəsait Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən, partiyaların təqdim etdiyi sifarişlər əsasında rüblər üzrə siyasi partiyanın bank hesabına köçürülməsi təmin ediləcək.

2013-cü ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşməsinə 2,5 milyon manat ayrılıb.

AzNews.az