“Biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq” - Prezident

26 May 2017 17:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Prezident bildirib ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşub: “Ancaq tarix sanki təkrarlanırdı və iki ildən sonra yenə də müstəqilliyimiz üçün böyük təhlükələr yaranmışdı. Əslində, müstəqilliyimizin ilk iki ili formal xarakter daşıyırdı. Çünki Azərbaycan öz müstəqil siyasətini tam miqyasda apara bilmirdi. Bundan əlavə, ölkəmizdə yaşanan siyasi, iqtisadi, hərbi böhran, torpaqlarımızın işğal altına düşməsi, ovaxtkı hakimiyyət tərəfindən vətəndaş müharibəsinin başlanması, əlbəttə, gənc dövlətimizi uçurum kənarına qoymuşdu. 1993-cü ildə Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının müdrikliyi ölkəmizi, dövlətimizi bu bəladan xilas etdi.

Azərbaycan xalqı müdriklik göstərərək böyük lideri – Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildən sonra Azərbaycanda inkişaf dövrü başlamışdır və bu gün bu dövr davam edir. Bütün xoşagəlməz hallara, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ölkəyə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycan beynəlxalq təcriddən, informasiya blokadasından çıxa bildi. Bir sözlə, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir. Bugünkü Azərbaycan bir daha mənim sözlərimi təsdiqləyir ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi”.

Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycan bir çox ölkələr üçün nümunədir: “Bu gün qarşıda duran vəzifələr haqqında danışmaq istərdim. Biz gələcək illərdə də müsbət dinamikanı saxlamalıyıq və əminəm ki, saxlayacağıq. Daxili siyasətə gəldikdə, ilk növbədə, Azərbaycanda bundan sonra da təhlükəsizlik təmin edilməlidir. Deyə bilərəm ki, Azərbaycanda daxili risk mənbələri mövcud deyil. Mümkün olan risklər xaricdə formalaşır. Belə olan halda biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq, həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda, düzgün siyasət aparmaqla. Biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaqdır. Eyni zamanda, Azərbaycan bizə sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmur. Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan bizə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmur və qoşulmayacaq”.