“Əkrəm Əylislini ittiham edirlərsə, Səməd Vurğuna niyə heykəl qoyurlar?”

9 Fevral 2013 14:58 (UTC+04:00)


"Əkrəm Əylislinin yazdığı nə qədər səhvdirsə, ona qarşı aparılan kampaniya bir o qədər yanlışdır. Əsər heç bir hüquqi nəticələrə gətirib çıxara bilməz. Biz yalnız mənəvi cəhətdən müəllifi qınayırıq. Yazıçı etnik münaqişədən yazırsa, müharibənin məntiqi nəzərə alınmalıdır. Müharibədə adam öldürmək qəhrəmanlıqdır və bir xalq üçün qəhrəman olan başqa xalq üçün düşməndir. Tutaq ki, əsrin əvvəlində erməni müsəlman münaqişəsində bir əylisli ermənini öldürübsə, biz bunu qəhrəmanlıq saymalıyıq. Əkrəm Əylisli bu məsələyə məkr kimi baxırsa, deməli, erməninin göz ilə baxır. Buna görə də o qınanmalıdır. Burada ermənilərin tərəfini tutmağa ehtiyac yoxdur".


Bu sözləri AzNews.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "müxalifət və iqtidar Əkrəm Əylisliyə qarşı eyni mövqe nümayiş etdirdi" fikrinə şərh verərkən deyib. S.Cəlaloğlu qeyd edib ki, bu məsələdə Azərbaycan müxalifəti və iqtidarı birləşə bilməz:

"Bu hadisənin ağır sosial, siyasi, hüquqi ağır nəticələri olmadığına görə Əkrəm Əylisliyə qarşı geniş cəbhə açmaq, fiziki məhv etməyə çağırışlar həm beynəlxalq hüquq normalarına, həm də Azərbaycan konstitusiyasına ziddir. Bu məsələdə Azərbaycan müxalifəti və iqtidarı birləşə bilməz. Demokratik müxalifət hətta kiminsə səhvi olsa belə, məhkəmənin qərarı olmadan kimisə cinayətkar adlandırmaq, cəza vermək kimi çağırışları müdafiə etməz.

Bu məsələdə biz iqtidarla ayrı-ayrı cəbhələrdəyik. Əkrəm Əylisli məsələsi müxalifətlə iqtidar arasında qırmızı xəttin haradan keçdiyini ortalığa qoydu".


Bu cür yanaşmaların düzgün olmadığın deyən ADP sədri bildirib ki, belə məsələlərdə ya ermənilərin xeyrinə söz deyənlərin hamısına Əkrəm Əylisliyə göstərilən münasibəti göstərməliyik, ya da bu məsələdə mənəvi qınaq olmalıdır:

"Əkrəm Əylisli dinc şəraitdə erməninin göz ilə hadisəni canlandırmasını və hadisənin münaqişə nəticəsində deyil, məişət zəminində baş verməsini qınayırıq. Bunlar elə hərəkət edir ki, guya, əsərdə yazılanlar Qarabağın itirilməsinə gətirib çıxaracaq. Yaxşı, bəs, Xocalıda baş verən hadisələrlə bağlı əlimizdə xeyli videolar, sənədlər var. Heç bu bizə kömək eləmir. Biz Əkrəmi mənəvi qınaqdan kənar ittiham edə bilmərik. Ona qalsa, Səməd Vurğun da "Komsomol" poemasını yazıb. Niyə ona heykəl qoyublar? Ona qarşı etdiklərimiz qayıdıb, özümüzə dəyəcək. Nəzərə alsınlar ki, o bir zamanlar iqtidarın yanında idi. İndi bilmək olmaz, bəlkə yenidən qayıtdı iqtidarın sıralarına. O payız küləyi kimi bir şeydir".

İlkin
AzNews.az