Əkrəm Əylisli yazıçıları nədə ittiham etdi?

9 Fevral 2013 16:10 (UTC+04:00)




"Vaxtı ikən mən Mövlud Süleymanlının, Afaq Məsudun, Eldar Baxışın, Ramiz Rövşənin, Vaqif Bəhmənlinin, Səfər Alışarlının əsərlərini dərc etməsəydim, onları Azərbaycan cəmiyyəti və ədəbiyyatı tanımazdı".

Bunu Modern.az saytına "Daş yuxular" romanı ilə gündəmdən düşməyən yazıçı Əkrəm Əylisli deyib. O bildirib ki, "Azərbaycan" jurnalında baş redaktor işlədiyi vaxtlarda xeyli yazıçı yetişdirib:

"Mən o vaxt Mövlud Süleymanlının "Dəyirman" əsərini çap etdirdim. Halbuki, ona qarşı böyük hücumlar başlamışdı. Məsələn, o vaxt Dövlət Təhlükəsizlik Komitəsindən mənə dedilər ki, "sən bu əsəri oxumamısan, səninlə işimiz yoxdur". Belə sözləri mənə Mərkəzi Komitədən də deyirdilər. Onlar istəyirdilər ki, mən çəkilim kənara, Mövlud Süleymanlını Yazıçılar Birliyindən qovsunlar, onu təkləyib mənəvi cəhətdən öldürsünlər. Mən axıra kimi onu müdafiə elədim. Mərkəzi Komitənin ideologiya katibi ilə görüşdüm. Dedim ki, buna cavabdehəm və çəkilmədim. Elə Afaq Məsudun bir çox əsərlərini də çap etdirmişəm ki, başqa redaktor onu çap etdirməzdi. Rəhmətlik Eldar Baxışın, Ramiz Rövşənin, Vaqif Bəhmənlinin, bunlardan əlavə xeyli sayda yazıçı adı çəkə bilərəm ki, onların əsərləri çap olunmasaydı, ədəbi ictimaiyyət tanınmaz və xalq arasında da populyar ola bilməzdilər. Hamısını saya bilmədim. Çoxdur belə yazıçılar. O vaxtı Azərbaycanda ən böyük tirajla çıxan "Azərbaycan" jurnalında ardıcıl olaraq çap olunmasından sonra tanındılar onları".

Sabiq xalq yazıçısı dostu Mövlud Süleymanlı haqqında da ürək yanğısı ilə danışdı: "Ona nə zülmlər çəkmişəm. Amma əlinə fürsət düşən kimi mənə qarşı nadan, şəxsiyyətə yaraşmayan, yazıçıya heç yaraşmayan mövqedə dayandı. Başqaları haqqında da deyə bilərəm. Məsələn, Afaq Məsudun özü. Onun elə əsərləri var idi ki, həmin əsəri heç başqa redaktor çap etdirməzdi. Yəni "Azərbaycan" jurnalı onların evləri kimi idi. Nə vaxt nə gətirirdilərsə, çap olunurdu. Onların əsərlərinə bir söz deyən yox idi".

Əkrəm Əylisli vaxtilə ədəbiyyata gəlməkdə dəstək olduğu insanların indi onun barəsində danışmaq istəmədiklərinə və ya əks mövqedə dayanmalarına belə mövqe bildirdi:

"Onlar susmurlar. Sadəcə olaraq onlar bir balaca yumşaq formada başqalarının dediklərini deyirlər. Səfər Alışarlı Moskvada ədəbiyyat İnstitutunu oxuyanda bir neçə əsər göndərdi. Heç onun adını da eşitməmişdim. Əsərini oxudum, sevindim və ön söz yazıb çap etdirdim. Bundan sonra Səfər Alışarlı üçün yaradıcılıq səhifəsi açıldı. Mən çox gənc yaşlarımdan "Gənclik" nəşriyyatının redaktoru olmuşam. O vaxt üçün nəşri mümkün olmayan İsa İsmayılzadə, Ələkbər Salahzadənin kitablarını nəşr etdirmişəm. Əli Kərimin ilk böyük həcmli kitabını mən nəşr etdirmişəm".

Yazıçı qeyd etdi ki, tarixdə belə imtahanlar çox olub. "Bu adamların hamısı imtahandan çıxa bilmir. 1937-ci il də ədəbiyyat üçün bir imtahanı idi. "Daş yuxular"ı başa düşsələr bilərlər ki, bu nə Azərbaycan siyasətinin, nə də Azərbaycan xalqının ziyanınadır. Düşmən gözü ilə baxmağı üstün tutdular. Mən heç kimə düşmən gözü ilə baxmıram. Məni müdafiə edənləri də, etməyənləri də deyəcəyim bir söz var: biz həm də yazıçı və mənəviyyat dünyasında yaşayırıq. Yazıçı əxlaqı olmayan insanları yazıçı olmağına inanmaq mənlik deyil".

AzNews.az